"Bu təxribat qrupu da zərərsizləşdirildi" - Prezident
    • 14-08-2021, 21:20
    • 1 323

"Bu təxribat qrupu da zərərsizləşdirildi" - Prezident

“Müzakirə prosesi çərçivəsində Ermənistan daim bizə qarşı fərqli təxribatlar, provakasiyalar törədirdi və müzakirə prosesinin müxtəlif dövrlərində biz bunu görürdük. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat, provakasiya törədilirdi, bizə, mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu”.

News24.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.

İkinci Qarabağ müharibəsindən əvvəl - iyul və avqust aylarında da Ermənistanın buna oxşar hərbi təcavüz etdiyini deyən dövlətimizin başçısı bildirib:

“İyul ayında bizim mülki əhalini və hərbçiləri artilleriya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur. Avqust ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları törətməyə cəhd etmişdi.

Bu təxribat qrupu da zərərsizləşdirildi. Bildiyiniz kimi, ondan sonra - sentyabr ayında yenə də bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutmuşdur.

Bunun nəticəsində müharibənin ilk günündə bizdə mülki əhali və hərbçilər arasında itkilər, şəhidlər olmuşdur. Təbii ki, artıq buna son qoyulmalı idi və qoyuldu”.

Prezident İlham Əliyev bu qələbənin bizim üçün tarixi bir Zəfər olduğunu bir daha qeyd edib: "Çünki qeyd etdiyiniz kimi, 30 il ərzində torpaqlarımız işğal altında idi. Bu, böyük ədalətsizlik idi və beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə etibarilə nəticə olmadı". 

Dövlətimizin başçısı qeyd edib ki, nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, biz heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi.