-
- 16-08-2021, 13:17
- 524
Hərb Tarixi Muzeyinin əməkdaşları hərbi hissələrdə - FOTO
Qədim tarixə malik Azərbaycan dövlətçiliyi bu gün özünün yüksək inkişaf dövrünü yaşayır. Vətən müharibəsində işğal edilmiş ərazilərimizi 44 gün ərzində azad etməyi bacarmış şanlı ordumuz müstəqil dövlətimizin müdafiəsində ayıq-sayıq dayanır. Dövlətçilik tariximizin lazımınca öyrənilməsi ordu gənclərinin vətənpərvərlik duyğularının daha da gücləndirilməsi, onların mənəvi psixoloji hazırlığının yüksəldilməsində zəruri amillərdəndir.
News24.az-ın məlumatına görə, bu günlərdə Azərbaycan Hərb Tarixi Muzeyinin kollektivi Müdafiə Nazirliyinin ayrı-ayrı hərbi hissələrində olub, “Dövlətçilik tariximizi öyrənək və təbliğ edək” mövzusunda silsilə tədbirlər keçirib.
Ənənəvi olaraq tədbir zamanı Azərbaycanın dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü naminə canından keçən oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Azərbaycan dövlətçiliyinin tarixinə həsr edilmiş məruzə ilə çıxış edib. Azərbaycan xalqının qədim dövlətçilik tarixinə və zəngin dövlətçilik ənənələrinə malik olduğunu vurğulayan polkovnik Qənizadə qeyd edib ki, Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayıblar.
Keçmiş Sovetlər Birliyinin süqutu nəticəsində 1991-ci ildə xalqımız öz dövlət müstəqilliyini yenidən bərpa etməyi bacardı. Ancaq Azərbaycan bir sıra ağır xarici və daxili təhdidlərlə üzləşdi.
Muzey rəisinin sözlərinə görə, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları, elan edilməmiş müharibəsi Azərbaycanın müstəqilliyini sual altında qoymuşdu. Xalqımızın təkidli tələbilə zəmanəmizin böyük dövlət adamı Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi və iqtisadi sabitlik yaradıldı. Böyük iqtisadi layihələrin gerçəkləşdirilməsi Azərbaycan üçün taleyüklü sahə olan ordu quruculuğunda ciddi islahatlar üçün əsas oldu.
Prezident İlham Əliyevin rəhbərliyilə ordu quruculuğu sahəsində atılan addımlar Azərbaycan Silahlı Qüvvələrinin daha da güclənməsinə, dünyanın ən güclü orduları arasında yer almasına təkan verdi. Azərbaycan Ordusu 44 günlk Vətən müharibəsində Ermənistan ordusuna ağır zərbələr endirdi, bu ölkəni kapitulyasiyaya məcbur etdi, işğal edilmiş ərazilərimizi düşməndən təmizlədi. Bu tarixi Zəfər Azərbaycan dövlətçiliyi tarixinə qızıl hərflərlə yazıldı.
Azərbaycan dövlətçiliyi tarixinə həsr edilən və ən qədim dövrdən bu günümüzədək Azərbaycan dövlətçiliyi tarixinə həsr olunan sənədli film hərbçilər tərəfindən maraqla izləndi.
Azərbaycan Təhsil İnstitutunun şöbə müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov, tariximizin tədqiqatçıları Pərviz Ağalarov, Qoşqar Saılmanlı şərəfli tariximizin müəyyən aspektləri barədə maraqlı çıxışları ilə yadda qaldılar.
Gənc aktrisa Günel Babayevanın səsləndirdiyi şeirlər, populyar mahnılarının ifaçıları müğənnilər Rəşad Mikayılov, Şamil Kərimov və Aysu Cəbrayılovanın ifa etdiyi vətənpərvərlik mövzusunda mahnılar tədbir iştirakçılarının alqışlarını qazandı.
Hərbi hissələrin komandir heyəti maraqlı tədbirə görə Azərbaycan Hərb Tarixi Muzeyinin kollektivinə minnətdarlıq ifadə etdilər.
FOTO: Nübar Novruz