"Kimlərinsə məsuliyyətsizliyi ucbatından abituriyentlər tələbə adından məhrum olublar" - Məleykə Abbaszadə
    • 23-08-2021, 15:42
    • 399

"Kimlərinsə məsuliyyətsizliyi ucbatından abituriyentlər tələbə adından məhrum olublar" - Məleykə Abbaszadə

"Çox təəssüf ki, bəzi insanlar abituriyentlər və onların valideynlərinin etibarından sui-tifadə edib özlərini reklam etməklə ödəniş müqabilində ixtisas seçimlərinin onlar tərəfindən həyata keçirilməsi ilə bağlı sosial şəbəkələrdə çağırışlar edirlər".

News24.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O, abituriyentlərə və onların valideynlərinə müraciət edərək diqqətli olmalarını və bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmamalarını tövsiyə edib: "Burada bir incə məqam da var. İxtisas seçimini sizin yerinizə edən şəxs kabinetinizin istidafəçi adı və parolunu da bilmiş olur. Bu isə çox təhlükəlidir. Bir misal də gətirim. Təsəvvür edin, plastik ödəmə kartınız var və siz kartın məxfi məlumatlarını tanımadığınız birinə verirsiniz. “Şəxsi kabinet”inizin parolunu da kiməsə vermək olmaz və bunun ciddi fəsadları ola biləcəyini nəzərə almaq lazımdır. Mən bunları təsadüfi demirəm. Hər il bununla bağlı bizə müraciətlər daxil olur. Araşdırmalar zamanı məlum olur ki, kimlərinsə məsuliyyətsizliyi və qeyri-peşəkarlığı ucbatından abituriyentlər tələbə adını qazanmaqdan məhrum olublar.

Ona görə də bir daha sizə nəşr etdiyimiz materiallara, statistik göstəricilərə (“Abituriyent” 4, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?”) baxmağı, zərurət olarsa, məsləhət mərkəzlərinə müraciət etməyi tövsiyə edirəm. Amma ən əsas məsələ ixtisas seçiminin birbaşa özünüz tərəfindən edilməsidir".