“Hacıbala Abutalıbov Ramiz Mehdiyevə məktub yazaraq üzrxahlıq etdi”
    • 23-08-2021, 17:15
    • 659

“Hacıbala Abutalıbov Ramiz Mehdiyevə məktub yazaraq üzrxahlıq etdi”

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Prosesə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılıb. R. Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

Rasim Quliyev isə ifadəsində özünü təqsirli bilmədiyini deyib: "2001-ci ildən Bakı Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə işləmişəm. 2010-2018-ci illərdə isə həmin qurumun Aparat rəhbəri vəzifəsini icra etmişəm. Xidmətlərimə görə cənab Prezident tərəfindən 2015-ci il 22 iyun tarixli 1282 Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşam. 2018-ci ildə öz ərizəm ilə tutduğum vəzifədən azad olunmuşam. Barəmdə irəli sürülən ittihamlarda özümü birmənalı təqsirli bilmirəm.  


Birincisi, Bakı şəhər Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yaşayış binalarının tikintisinə dair “FF-2011” MTK-ya icazə verilməsi barədə sənədlərin hüquqi qüvvəsinin şübhəli olmasına dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olmuş materiallarda 246-cı maddə ilə heç bir ittiham haqlı olaraq verilməyib. Bu məsələnin özü birmənalı sübut edir ki, mənim sökülmə ilə bağlı hansısa cinayət əlaqəm mövcud deyil".

Onun sözlərinə görə, ittiham aktı boş və mənasız söz yığınından ibarətdir: "İstintaq süni şəkildə uzadılır. Qeyd edim ki, 20 sentyabr 2017-ci ildə BŞİH rəhbərinin sərəncamı ilə başçının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası mənə həvalə edildi. Nəticə etibarilə müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi mənə həvalə olundu. 2017-ci ilin sentyabr ayında başçının müavini Rauf Pənahovun vəfat etməsi ilə əlaqədar olaraq səlahiyyətlərinin icrası müvəqqəti olaraq sərəncamla aparat rəhbəri kimi mənə həvalə edilmişdi.

2018-ci ildə Hacıbala Abutalıbovun Baş nazirinin müavini vəzifəsinə təsdiq edilməsindən sonra mən müavin vəzifəsini müvəqqəti icra edən şəxs kimi zəruri sənədlərə qol çəkib Bakı şəhər İcra Hakimiyyətinin fəaliyyətinə rəhbərlik etmişəm. 2018-ci ilin iyun-iyul ayında Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinin icrasının Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırılması barədə razılığın olub-olmaması barədə Baş nazirin sabiq müavini Hacıbala Abutalıbov qarşısında məsələ qaldırmışdım.

Ramiz Mehdiyevə H.Abutalıbov tərəfindən ünvanlanmış məktubda Bakı ŞİH başçısının müavini səlahiyyətlərinin icrasının müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyası rəhbərliyindən müvafiq qaydada razılıq alınmadığına görə təəssüf hissi keçirməklə üzrxahlığını bildirib və müvafiq razılığın verilməsi xahiş olunub.

Lakin Prezident Administrasiyasının ovaxtkı rəhbəri Ramiz Mehdiyev tərəfindən İcra Hakimiyyətinə ünvanlanmış məktubda o bildirib ki, BŞİH başçısı aparatının rəhbəri Rasim Quliyev tərəfindən Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində BŞİH başçısının sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilir və yerli icra hakimiyyətinin başçısı olmadıqda, onun səlahiyyətlərinin Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən birinin həyata keçirdiyinin təsbit edildiyi nəzərə çatdırılır".

Rasim Quliyevin sözlərinə görə, sonradan cinayət işinin materiallarından ona məlum olub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev tərəfindən Baş prokuror Zakir Qaralova ünvanlanan məktubla bildirilib ki, "FF-2011” MTK-nın tikintiyə icazə sənədlərində ciddi nöqsanlar mövcuddur: "Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini hörmətli Dövlətxan Dövlətxanov tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi cənab Cəbrayıl Xanlarova müraciət edilib ki, “FF-2011” MTK-nın tikintiyə icazə sənədlərində ciddi nöqsanlar mövcuddur. Bakı ŞİH Başçısının müavini  Eldar Əzizov tərəfindən Sərəncam imzalanmaqla mənim tərəfimdən imzalanmış olan “FF-2011” MTK-na tikintiyə icazə verilməsi barədə sərəncam ləğv edilib.

Qeyd edim ki, “FF-2011” MTK-ya Bakı şəhər Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədəki ərazi 2012-ci ildə ayrılıb. Bundan sonrakı müddətdə tikinti ilə bağlı bütün zəruri sənədlər hazırlanaraq aidiyyəti üzrə təsdiqlənib. Faktiki olaraq mənim imzaladığım sərəncama qədər tikinti işlərinin aparılması ilə bağlı bütün hüquqi prosedurlar başa çatdırılmışdı, həmin sənədlər BŞİH-in Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hazırlanmaqla imzalanması üçün mənə təqdim edilmişdi, növbəti hüquqi prosedur kimi həmin sərəncamı imzalamışdım, sərəncamın verilməsi üçün əsas olan sənədlərə BŞİH-in müvafiq strukturları, eləcə də ekspertiza tərəfindən müsbət rəy verildiyinə görə faktiki olaraq həmin sərəncamı imzalamamağım mümkün deyildi, bununla bağlı heç kimdən göstəriş almamışdım, kimsə məndən xahiş etməmişdi".

Təqsirləndirilən şəxs bildirib ki, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasından məlumatsız olub: "Faktiki olaraq o ərazinin harada olmasını həmin vaxt təxmin etməmişəm, sənəd mənə imzalamaq üçün təqdim edilibsə lazımi hüquqi prosedurların icra edildiyini güman etmişdim. 

“FF-2011” MTK tərəfindən tikinti obyektinin sökülməsi layihəsi hazırlanmadan, müvafiq icazə alınmadan ərazidəki mövcud tikililərin sökülməsinə başlanılmaqla, habelə həmin layihəyə baxılaraq baş memar Akif Abdullayev tərəfindən imzalanmış torpaq sahəsinin ayrılmasına dair inşaat pasportu verilib. Həmçinin Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin Tikinti işlərinə başlanılması üçün əsas olan Xüsusi nişan Bakı şəhər Tikinti Müfəttişliyinin rəisi Nadir Adıgözəlov tərəfindən verilib. İstintaq dövründə MTK rəhbəri Tamella xanımı dindirməyiblər və mənimlə üzləşdirməyiblər".

Növbəti proses avqustun 30-a təyin edilib.

Qeyd edək ki, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılıb.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Xatırladaq ki, R. Quliyev 2010-2018-ci illər ərzində bu vəzifəni icra edib. O, keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi. R. Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.

Onu 308.2-ci maddənin ittihamına əsasən, 3 ildən 7 ilədək, 314-2.3-cü maddənin ittihamına əsasən, 5 ildən 8 ilədək həbs cəzası gözləyir.