“Dəniz kuboku” müsabiqəsində növbəti epizod yerinə yetirildi
    • 27-08-2021, 09:27
    • 370

“Dəniz kuboku” müsabiqəsində növbəti epizod yerinə yetirildi

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində növbəti epizod yerinə yetirilib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində “Xilasetmə vasitələrinin istifadəsi” tapşırığını yerinə yetiriblər.

Bu mərhələdə hərbi dənizçilər komandada beş nəfər olmaqla xüsusi üzgüçülük geyimlərini geyinərək müəyyən məsəfəni qət edib, xilasedici salı avarlar vasitəsilə təyin olunan nöqtəyə gətiriblər.

Hakimlər komissiyasının qərarı ilə bu mərhələdə İran komandası 20 balla birinci, Rusiya komandası 18 balla ikinci, Azərbaycan komandası 16 balla üçüncü, Qazaxıstan komandası isə 11 balla dördüncü yerə layiq görülüb.

Yarışların ümumi nəticəsinə görə hazırda İran komandası 58 balla birinci, Qazaxıstan komandası 49 balla ikinci, Azərbaycan komandası 48 balla üçüncü, Rusiya komandası isə 46 balla dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsi ümumi üç mərhələ üzrə altı epizoddan ibarətdir.

Növbəti günlərdə hərbi dənizçilərimiz "Artilleriya atışlarının yerinə yetirilməsi" və "Dəniz hazırlığı" üzrə mərhələlərdə güclərini sınayacaqlar.