Ögey doğmalıq: Azərbaycanda qanun başqasının uşağını dünyaya gətirməyə icazə verirmi?
    • 16-11-2018, 10:30
    • 1 616

Ögey doğmalıq: Azərbaycanda qanun başqasının uşağını dünyaya gətirməyə icazə verirmi?

Surroqat ana axtarıram. Evli, təmiz, cavan qadın olsun, qalanını görüşəndə danışarıq. Ciddi olmayanlar zəng vurmasın”. Saytlardan birində yerləşdirilən bu elan diqqətimi çəkdi. Elanın sonundakı telefon nömrəsinə zəng çatacağını güman etməsəm də, zəng vurdum. Telefonu şərti olaraq Naibə adlandırdığımız xanım götürdü. Ona mənim də belə bir qadın axtardığımı deyib kömək etməsini xahiş etdim.

“Mən əvvəl daşıyıcı ana axtarırdım, amma daha bu fikrimdən daşınmışam. Bizdə bir qədər mentalitet fərqlidir, insanlar başqa cür başa düşürlər. Xaricdən mənə yazanlar, daşıyıcı ana olmaq istəyənlər çox oldu. Bir bolqar türkü ilə yazışdım, amma qiymətlər, orada gedib qalmaq və sair çox baha başa gəldiyinə görə bu istəyimdən vaz keçdim. Siz də bundansa, bir yetim uşaq götürüb saxlayın. Amma bunu etməyi çox istəyirsinizə, çalışın evli qadın olmasın, tək olsun. O, uşaq doğulana qədər cəmiyyətdən təcrid olunsun və uşağı sizə versin. Qiymət isə tapdığınız qadından asılıdır, 9 ay müddətində ən azı bir evin pulunu xərcləyəcəksiniz. Qeydiyyata alınmaya görə narahat olmayın, uşaq doğulan kimi öz adınıza keçirəcəksiniz, bitəcək”.


Doğma, yoxsa ögey “doğma”?

Statistikaya görə, bütün dünyada qurulan ailələrin 20 faizi övlad sahibi ola bilmir. Onların əksəriyyəti çıxış yolunu övladlığa uşaq götürməkdə və ya süni mayalanmada görür. Əgər bunlar mümkün deyilsə, genetik cəhətdən öz övladına sahib olmaq üçün yeganə yol “surroqat” - daşıyıcı ana vasitəsilə valideyn olmaqdır.

İndiyə qədər birinin ögey olmadığını sübut etmək üçün “doğma” ifadəsi işlədilirdisə, artıq bir anadan doğulmaq heç də “doğma”lıq anlamına gəlməyəcək. Daşıyıcı analıq bir qədər kobud desək, öz bədənini başqasına kirayə verməkdir. Hazırda bizdə bununla bağlı qanun olmasa da, xaricdə “surroqat ana” vasitəsilə övlad sahibi olub ölkəyə geri qayıdanlar var.

Həkim-ginekoloq Təranə Həsənovanın sözlərinə görə, səhhət problemləri səbəbi ilə hamilə qalması qadağan olunan və ya uşaqlığın götürülməsi əməliyyatı keçirilmiş (histetoktomiya), lakin hələ də yumurtalıqları mövcud olan qadınlar “surroqat ana”ya müraciət edirlər. Qadının yumurtalığından götürülən embrion mayalandırılır və digər qadının uşaqlığına yerləşdirilir, bir ananın övladı başqasının bətnində böyüdülür, həmin ananın qanı ilə qidalanır:

Surroqat ana” olmaq üçün qadının sağlamlığı diqqətli şəkildə yoxlanmalıdır. Həm hormonal, həm qan qrupları yoxlanılır, genetik xəstəliyinin olmamasına fikir verilir. Əlbəttə ki, daşıyıcı ana olmaq istəyən qadının psixoloji vəziyyəti də buna yol verməlidir. Daşıyıcı olmaq üçün yaş məsələsi də çox önəmlidir, təxminən 20-40 yaş arası qadınlar daşıyıcı ana ola bilirlər”.


Ana inkubator deyil”

Lakin Azərbaycan qanunvericiliyi “surroqat ana”lığa icazə vermir. Bir neçə il öncə “Reproduktiv sağlamlıq haqqında” Qanun müzakirə olunan zaman süni mayalanma və “surroqat ana” ilə bağlı bəndlər Qafqaz Müsəlmanları İdarəsinin ciddi etirazı ilə qarşılandığından qəbul olunmadı. “Rerpoduktiv sağlamlıq haqqında” Qanunun yaxın zamanlarda müzakirə olunacağını və məsələnin aktuallığını nəzərə alıb Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyevlə əlaqə saxladıq. Layihənin hazır olduğunu deyən millət vəkilinin virtualaz.org-a bildirdiyinə görə, aprel ayında müzakirəyə çıxarılacağı gözlənilən qanun layihəsindən bu məsələ çıxarılıb və hazırda gündəmdə deyil.

Bir çox ailələrin məhz daşıyıcı anaya ümidlərini bağlamasına gəlincə isə, millət vəkili hesab edir ki, bu Azərbaycanda ailələrin çox az hissəsini təşkil edir.

“Azərbaycanda “surroqat ana”ya ehtiyacı olanların sayı bəlkə də, 30 nəfər olar ya olmaz. Bu da 10 milyonluq əhalisi olan bir ölkə üçün kiçik rəqəmdir. “Surroqat ana” ilə bağlı xeyli mənəvi və iqtisadi problemlər var. Dünyanın bir çox ölkələri, hətta katoliklər “surroqat ana” ilə bağlı qanuna qadağa qoyublar. Müsəlman ölkələrinin bir çoxunda icazə verilmir, provaslav xristianlıq üstünlük təşkil edən bir çox ölkələrdə isə icazə də yoxdur, qadağa da yoxdur. Bundan başqa, axı ana inkubator deyil. Bu, ananın da hüquqlarının pozulması deməkdir. Kimin pulu varsa, anadan bu şəkildə istifadə edə bilməz”.


M.Quliyevin sözlərinə görə, “surroqat ana”lıqla bağlı məsələnin bir tərəfi də ondan ibarətdir ki, həmin uşağın kimin övladı olması məsələsi həmişə problem olaraq qalır. Bəzən ananın doğulan uşaqdan imtina eləmədiyini, bəzən də uşağın sonradan “surroqat ana”sını axtardığını deyən deputatın sözlərinə görə, bu səbəbdən problem hazırda Azərbaycan reallığı üçün uyğun deyil.

Millət vəkilinin sözlərinə görə, bizim Mülki Məcəlləmiz onu qadağan eləmir. Yəni, dünyanın hər hansı ölkəsində “surroqat ana” vasitəsilə övlad dünyaya gətirib məhkəmə yolu ilə o uşağın özününkü olduğunu sübut edə bilərlər.

Bakı Hüquq Mərkəzinin hüquqşünası İsrafil Əlilinin sözlərinə görə, xaricdə “surroqat ana” vasitəsilə övlad sahibi olub onu Azərbaycanda öz övladı kimi təsdiqlətməklə bağlı bizim qanunvericilikdə heç bir müddəa yoxdur.

Dünyanın bir sıra ölkələrində daşıyıcı analıqla bağlı qanun qəbul olunub. “Surroqat ana”dan istifadə etmək istəyən ailələr onunla notariusda təsdiq olunmuş qaydada müqavilə bağlayırlar və hər kəs öz üzərinə vəzifə götürür. Müqaviləyə əsasən, uşaq doğulana qədər “surroqat ana” maddi cəhətdən təmin edilir və hesabına pul köçürülür. “Surroqat ana”nın vəzifələri isə ondan ibarətdir ki, vaxtı-vaxtında müayinədən keçsin, normal qidalansın və sonradan uşağın həyatında heç bir iddiası olmasın.


//Virtualaz.org