"Qarabağda 4498 km avtomobil yolu TAMAMİLƏ DAĞIDILIB" - Vüqar Bayramov
    • 3-09-2021, 13:00
    • 699

"Qarabağda 4498 km avtomobil yolu TAMAMİLƏ DAĞIDILIB" - Vüqar Bayramov

“Vətən müharibəsində əldə etdiyimiz zəfərdən qısa müddət sonra işğaldan azad olunan ərazilərimizdə infrastrukturun, xüsusən də nəqliyyat şəbəkəsinin qurulmasına başlanıldı. Kifayət qədər intensiv həyata keçirilən infrastruktur işləri artıq bir sıra strateji nəqliyyat layihələrinin yaxın zamanlarda istifadəyə verilməsini mümkün edəcək”.

News24.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Feysbuk hesabında yazıb.

İqtisadçı alim bildirib ki, 101 km uzunluğu olan Zəfər Yolunda işlər sürətlə davam etdirilir: “Artıq xeyili zamandır ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə həmin yol ilə səfərlər təşkil edilir. Yaxın gələcəkdə istifadə veriləcəyi gözlənilən 124 km-ə yaxın uzunluğu olan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu Zəngəzur Dəhlizinə müasir strandartlara uyğun avtomobil yolu ilə çıxış imkanı demək olacaq. Azərbaycanda hazırda avtomobil yollarının uzunluğu 19 min 228 km-dir. Onlardan 7 min km-ə yaxını asfalt yollardır. Respublika əhəmiyyətli yolların uzunluğu 4577 km və bu yolların 94 faizi asfalt-beton örtüklü yollardır”.  

V.Bayramov qeyd edib ki, uzun müddət işğal altında qalan ərazilərimizdə isə 4498 km avtomobil yolu demək olar ki, tamamilə dağıdılıb: “Torpaqlarımız işğaldan azad olunduqdan sonra artıq müasir nəqliyyat infrastrukturu formalaşdırılır. Bu infrastuktur həmin ərazilərimizin iqtisadi potensialının daha tez reallaşmasına və məskunlaşma prosesinin intensivləşməsinə xüsusi töhvə verəcək”.