Zabratda avtomobil alt keçidi istifadəyə verildi
    • 19-02-2021, 17:16
    • 617

Zabratda avtomobil alt keçidi istifadəyə verildi

Bakının Zabrat qəsəbəsində inşa edilən avtomobil alt keçidi istifadəyə verilib.

Bu barədə News24.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

“Oktyabr küçəsi ilə Musa Bayramov küçəsinin kəsişmələrində tikilən bu keçid eyni vaxtda həm qatarların, həm də avtomobillərin təhlükəsiz hərəkətinə imkan yaradacaq. Əvvəllər həmin ərazidə avtomobil yolu ilə dəmir yolunun kəsişməsi nəqliyyat vasitələrinin eyni vaxtda hərəkətinə çətinlik törətməklə bərabər, təhlükəli vəziyyətə səbəb olurdu. Keçidin inşası baş verə biləcək qəzaların qarşısını almaq məqsədi daşıyır. Qatarların hərəkəti zamanı, xüsusilə də pik saatlarda avtomobillər gözləməli olurdu ki, bu da öz növbəsində əlavə vaxt itkisi demək idi. Keçidin tikintisi dəmir yolu ilə avtomobil yolunun eyni səviyyəli kəsişmələrində nəqliyyat vasitələrinin və insanların hərəkətinin təhlükəsizliyini təmin edəcək”, - QSC-dən bildirilib.

Qeyd edək ki, tikinti işlərinə 2019-cu ilin avqustundan başlanılan Zabrat avtomobil keçidinin eni 8 metr, hündürlüyü 5 metr, ümumi uzunluğu isə 227 metrdir. Qapalı hissənin uzunluğu 30 metr, açıq hissənin uzunluğu 197 metr təşkil edir. Keçiddə iki istinad divarı inşa olunub. 900 paqonmetr yeni avtomobil yolu çəkilib. Yağış və qrunt sularının kənarlaşdırılması üçün nasosxana tikilib, 5 ədəd nasos quraşdırılıb.

Ümumilikdə, indiyədək Abşeron Dairəvi dəmir yolu boyunca 12 yerdə avtomobil yolları ilə dəmir yollarının eyni səviyyəli kəsişmələri ləğv edilib. Həmin ərazilərdə avtomobil keçidləri inşa olunub.