-
- 8-09-2021, 11:02
- 445
Qanunsuz silahlı birləşməyə qoşulan şəxslər həbs olundu - DTX
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak edən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.
News24.az-ın DTX-nın saytına istinadən xəbərinə görə, istintaqla Azərbaycan Respublikasının vətəndaşları - 1980-ci il təvəllüdlü Cumayev Mənsur Məmmədəli oğlunun və 1971-ci il təvəllüdlü Cahangirov Nəsir Qaçay oğlunun ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib.
Aparılmış araşdırmalara əsasən məlum olub ki, Mənsur Cumayev və Nəsir Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə orada fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olub və həmin silahlı qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak ediblər.
Faktla bağlı Mənsur Cumayev və Nəsir Cahangirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Adları qeyd olunan şəxslər istintaq zamanı törətdikləri cinayət əməlini etiraf etmiş və səmimi peşmançılıq hissi keçirdiklərini bildiriblər.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.