-
- 9-09-2021, 14:44
- 503
Yol polisi piyadalara xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara xəbərdarlıq edib.
BDYPİ-dən News24.az daxil olan xəbərdarlıqda deyilir:
"Yəqin ki çoxlarımız avtomobil yollarının ayırıcı zolaqlarında quraşdırılmış dəmir və ya beton səddi üst-başı bulaşaraq aşan, sonra da yolun hərəkət hissəsində sürətlə şütüyən avtomobillər arasında çaşqın və köməksiz durumda qalan, nəqliyyat axınının ortasında ora-bura vurnuxan, sürücülərin kinayəli, əsəbi baxışları fonunda xaotik hərəkət edən piyadalarla rastlaşmışıq.
Məhz piyada təhlükəsizliyinin təmin edilməsi üçün böyük zəhmət və vəsait hesabına inşa edilmiş yeraltı və ya yerüstü piyada keçidlərinin mövcud olduğu ərazilərdə belə özlərini çıxılmaz vəziyyətə salan şəxslərin onları intizama dəvət edən dövlət yol polisi əməkdaşlarına verdikləri cavab isə “tələsirdim”, “bilmədim”, “fikirliydim” kimi ifadələr olur.
Əslində yolu nəzərdə tutulmayan yerdən keçərkən təhlükə altında qoyduğu həyatının, habelə onu sağ-salamat yola salıb evdə qayıtmağını gözləyən ailə üzvlərinin dəyərinin hər şeydən üstün olduğunu yaxşı bilən bu insanların etiraf edəcəkləri başqa sözlər var - özünə, doğmalarına, bütövlükdə isə cəmiyyətə münasibətdə səhlənkarlıq, etinasızlıq və məsuliyyətsizlik.
Qeyd edilən fikirlər dəqiq hesabatlara söykənən obyektiv reallıqdır. Aparılan təhlillər göstərir ki, cari ilin 8 ayı ərzində respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin 41%-ni piyadaların vurulması təşkil edib, nəticədə 190 nəfər həlak olub, 267 nəfər isə xəsarət alıb. Bakı şəhəri üzrə qeydə alınan qəzaların isə daha çoxunu, yəni 56,4%-ni piyada vurma hadisələri təşkil edib ki, bu da 80 nəfərin həyatına son qoyub, 107 nəfərin yaralanmasına səbəb olub.
Göstərilən rəqəmləri formalaşdıran qəzaların təhlili məsələyə fərqli baxmağı zəruri edir. Məsələ ondadır ki, ümumilikdə piyada vurma hadisələrinin 90%-dən çoxu məhz piyada keçidlərindən kənarda baş verib. Yol hərəkəti iştirakçılarının böyük bir hissəsini təşkil edən piyadaların yolu nəzərdə tutulmayan yerlərdən keçməsi hələ də özlərinin və başqalarının həyat və sağlamlığına qarşı biganəliyin hökm sürdüyündən xəbər verir.
Göründüyü kimi, piyada keçidlərində onların vurulması az hallarda qeydə alınmışdır. Lakin, öz təhlükəsizliyinin etibarlı təmin olunması üçün istər nizamlanan, istərsə də nizamlanmayan piyada keçidlərindən istifadə edən piyadalar belə, yoldakı sürət həddini, hərəkətin intensivliyini, hava və görmə şəraitini, sürücülərin nəqliyyat vasitəsini dayandıra biləcəyini nəzərə almalı, bir sözlə, tam diqqətli olmalıdırlar.
Qeyd edək ki, təcrübədə piyadaların təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisələrinin araşdırılması heç də asan olmur. Sürücülər adətən qəza zamanı sığorta ödənişinin həyata keçirilməsi, eyni zamanda bu halın daha ciddi məsuliyyətə səbəb olduğunu bildikləri üçün hadisə yerindən yayınmaqda maraqlı olmurlar. Amma çox vaxt sürücülər qəzanın baş verməsinə bilavasitə şərait yaradan piyadaları sadəcə məzəmmət etməklə kifayətlənir, onların hadisə yerindən yayınmasının qarşısını almağa və hüquqi məsuliyyətə cəlb olunmasına cəhd göstərmirlər.
Piyadalar isə yanlış olaraq düşünür ki, onların təqsiri üzündən baş vermiş istənilən yol-nəqliyyat hadisəsi zamanı maksimum 20 və ya 40 manat məbləğində cərimə oluna bilərlər. Lakin hərəkət iştirakçılarının, xüsusilə də piyadaların diqqətinə çatdırmaq istərdik ki, qanunvericiliyin tələbinə əsasən əgər hər hansı yol qəzası piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, yaxud onun ölümünə səbəb olarsa, artıq o, cinayət məsuliyyətinə cəlb olunacaq.
Bəzən də paradoksal mənzərə ilə rastlaşırıq. Bir qrup insan hansısa yol sahəsində piyada keçidlərinin olmamasından şikayət etdiyi halda, digər bir ərazidə mövcud piyada keçidlərinin demək olar ki istifadəsiz qaldığının şahidi oluruq. Bu isə onu deməyə əsas verir ki, piyadaların yol hərəkəti qaydalarına riayət etməsi yalnız hərəkətin təşkili, infrastruktur və digər amillərə deyil, onların şəxsi məsuliyyət hissinə, yol hərəkəti mədəniyyətinə və ictimai davranış vərdişlərinə daha çox bağlıdır. Ona görə də yol hərəkəti qaydalarına əməl edilməsinin insan həyatı üçün əhəmiyyəti fərdlərə erkən yaşlarından aşılanmalı, mövcud tələblərin qeyri-şərtsiz, adi həyat norması kimi qəbul edilməsi təbliğ olunmalı və bu istiqamətdə ictimai şüur formalaşmalıdır".
"Qarşıdan payız-qış mövsümünün gəlməsini nəzərə alaraq, bir daha piyadalara səslənirik: küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçin, məhdudiyyətli görünmə, yəni duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermədiyi üçün yolu keçərkən ondan istifadə etməyin, ictimai nəqliyyatı gözləyərkən və ona minib-düşərkən, həmçinin qəflətən avtomobil yoluna çıxmayın, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlayın", - İdarədən bildirlib.