Türk nazirlərin memorandumu Azərbaycana nə vəd edir? – İqtisadçı alim DETALLARI AÇIQLADI
    • 10-09-2021, 16:55
    • 507

Türk nazirlərin memorandumu Azərbaycana nə vəd edir? – İqtisadçı alim DETALLARI AÇIQLADI

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə türkdilli ölkələr arasında müxtəlif İqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanıb.

Bəs, bu memorandumun mahiyyəti nədən ibarətdir və Azərbaycana nə vəd edir?

İqtisadçı alim, millət vəkili Vüqar Bayramov məsələni News24.az-a şərh edib.

O bildirib ki, bu memorandum türkdilli ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət edir: “Hazırda türkdilli ölkələrin əhalisinin sayı təxminən 150-160 milyon nəfərdir. Bütövlükdə iqtisadiyyatın həcmi isə 1,1 trilyon dollardır. Bu baxımdan türkdilli ölkələr arasında əlaqələrin genişləndirilməsi ticarətin və investisiya qoyuluşlarının artırılmasına xidmət edir. Türk İnvestisiya Fondunun yaradılması da məhz investisiya qoyuluşlarının gücləndirilməsi baxımından vacib olacaq. Məqsəd həm də türk dünyası üzərindən daşınan beynəlxalq yüklərin həcminin artırılmasına nail olmaqdır. Bu kontekstdə Bakıda keçirilən görüş və imzalanan memorandum ciddi addımların atılmasına imkan verəcək. 

Eyni zamanda ölkələr arasında ticarət sazişlərinin artırılması əsas hədəflərdən biridir. Bu il martın 1-dən etibarən Türkiyə və Azərbaycan arasında proporsional ticarət sazişi qüvvəyə minib. Həmçinin Türkiyə Özbəkistanla oxşar müqavilənin imzalanması ilə bağlı danışıqlar aparır”. 

Siyasət şöbəsi