Bütün məktəblər əsaslı təmir olunacaq - Nazir müavini
    • 16-09-2021, 11:30
    • 406

Bütün məktəblər əsaslı təmir olunacaq - Nazir müavini

"Son 15 ildə 3500-dən çox yeni məktəb tikilib və əsaslı təmir olunub".

News24.az-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim zamanı təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

Nazir müavininin sözlərinə görə, ölkədə 4400-dən çox məktəb var. Bu məktəblərin əksəriyyəti rayonlarda, kəndlərdə yerləşir: “Bunlar bizə Sovet İttifaqı dövründən miras qalıb. O vaxt o məktəblər uyğun olmayan binalarda formalaşmışdı. Bundan sonra da xüsusi investisiya proqramına uyğun olaraq ölkənin bütün məktəbləri müasir tələblər səviyyəsində əsaslı təmir olunacaq və harada lazım olsa, yeniləri tikiləcək. Bildiyiniz kimi, ən ucqar kəndlərdə modul tipli məktəblərin də tikintisi davam etdirilir”.

Sentyabrın 22-dən başlanacaq yeni tədris ilindən də söz açan F.Qurbanov, pandemiya şəraitinə uyğun olaraq bütün lazımi qaydalara riayət olunacağını qeyd edib: "Pandemiya dönəmində təhsil sistemində həm müəllim, həm də şagirdlərin təhlükəsizliyi üçün bütün lazımi tədbirlər həyata keçiriləcək. İlk növbədə hər bir təhsil ocağında dezinfeksiyaların aparılır.  Hər şagirdin və müəllimin hərarəti hər gün yoxlanılacaq. Eyni zamanda müəllimlərin COVİD pasportu gündəlik olaraq yoxlanılacaq".