Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edildi - Yeniləndi
    • 17-09-2021, 14:44
    • 822

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edildi - Yeniləndi

Sentyabrın 16-da Özbəkistanın Xivə şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Daimi Şurasının 38-ci iclası keçirilib.

Mədəniyyət Nazirliyindən News24.az-a verilən məlumata görə, iclasda iştirak edən Özbəkistan Baş nazirinin müavini Aziz Abduhakimov, mədəniyyət naziri Ozodbek Nazarbekov, Türk Şurasının Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Macarıstanın xarici işlər naziri Peter Siyarto, TürkPA-nın Baş katibi Altınbek Mamayusupov, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Qırğızıstanın mədəniyyət, elm, idman və gənclər naziri Kairat İmanaliyev, Qazaxıstanın mədəniyyət və idman naziri Nurkıssa Dauyeshov və başqalarının çıxışları dinlənilib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Türk dünyasının mədəniyyəti və irsinin qorunması və təşviqinin, türk xalqları arasında həmrəylik və qarşılıqlı anlaşmanın daha da möhkəmləndirməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, türk xalqlarının tarixi-mədəni irsi, ədəbiyyatı, bir sözlə ortaq dəyərlərinin beynəlxalq səviyyədə təbliği qarşıda duran vacib məsələlərdəndir.

Nazir çıxışında 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana göstərdikləri dəstəyə görə TÜRKSOY-a, Türk Şurasına və türkdilli dövlətlərə təşəkkürünü ifadə edib.

Türk dünyasının görkəmli şəxsiyyətlərinin təbliğində TÜRKSOY-un xidmətlərini yüksək qiymətləndirən Anar Kərimov təşkilat tərəfindən Azərbaycanın tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinə göstərilən diqqəti xüsusi vurğulayıb. Bildirib ki, TÜRKSOY-un 2017-ci ilin “Molla Pənah Vaqif İli”, 2018-ci ilin “Qara Qarayev İli”, 2019-cu ilin isə “İmadəddin Nəsimi İli” etməsi, habelə 2020-ci ildə Həsən Seyidbəyli və 2021-ci ildə Mikayıl Abdullayevin 100 illik yubileyləri ilə əlaqədar müxtəlif səpkili tədbirlər yüksək qiymətə layiqdir: “Bu ilin mart ayında Türkiyəyə səfərim çərçivəsində “Nizami ili”nin açılış mərasimi, SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyinə həsr olunmuş sərginin açılışı və digər tədbirlərin təşkili TÜRKSOY-un türk mədəniyyətinin inkişafı və təşviqindəki müstəsna rolunun göstəricisidir. 2022-ci ilin TÜRKSOY çərçivəsində SSRİ Xalq artisti, görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyinə ithaf olunmasını da əhəmiyyətli hesab edirik. Bununla yanaşı, Türk dünyası mədəniyyət proqramları çərçivəsində Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunmasını təklif edirik”.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycan mədəniyyətinin paytaxtı elan olunub: “İCESCO rəhbərinin bu ilin əvvəlində ölkəmizə səfəri zamanı Şuşanın “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi ilə bağlı təşəbbüsü irəli sürülüb. TÜRKSOY tərəfindən də Şuşanın 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi Türk-İslam dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin daha bir göstəricisi olacaq”.

Anar Kərimov diqqətə çatdırıb ki, uzun fasilədən sonra bu ilin may ayında Cıdır düzündə – hər bir azərbaycanlı üçün müqəddəs olan Şuşada ənənəvi “Xarıbülbül” festivalı keçirilib: “Biz o günü 30 il səbirsizliklə gözləmişdik, 30 il Vətən həsrəti ilə yaşamışdıq. Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış etdilər və bu onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır.

Bununla yanaşı, 39 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən yenidən bu qədim şəhərimizdə təşkil olundu. 29 ildən sonra həmvətənləri yenidən öz dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi Molla Pənah Vaqifin görüşünə gəldi. Şairin məqbərəsinin yenidən açılışı keçirildi. Prezident İlham Əliyevin Şuşa şəhərini ölkəmizin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrildi”.

Toplantıda rəsmi çıxışlardan sonra TÜRKSOY-un illik hesabatı dinlənilib, Türkiyənin Bursa şəhərinin 2022-ci il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsi ilə əlaqədar təqdimat və bununla əlaqədar səsvermə təşkil olunub. Həmçinin TÜRKSOY-un yeni rəhbərinin seçilməsi, normativ-hüquqi sənədlərində bəzi dəyişiklik edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, 2020-ci il üçün Fəaliyyət proqramına salınan təkliflər, TÜRKSOY-da 2022-ci ildə anım ili ilə əlaqədar fikir mübadiləsi olub. “TRT Avaz”ın Türk dünyasının birliyi və onun zənginliklərinin təbliği ilə bağlı təqdimatı keçirilib və TÜRKSOY-un yeni Baş katibin seçilməsi ilə əlaqədar müzakirələr aparılıb.

Toplantının sonunda 2022-ci ildə Bursa şəhərinin “Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsi, TÜRKSOY-a yeni Baş katibin seçilməsinin 2022-ci ilin avqust ayında keçirilməsi, SSRİ Xalq artisti, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100, Türkiyənin tanınmış şairi Süleyman Çelebinin vəfatının 600, Qırğızıstanın Xalq yazıçısı Toktobolot Abdumomunovun anadan olmasının 100 illiklərinin 2022-ci ildə TÜRKSOY miqyasında qeyd olunması, eyni zamanda təşkilatın Daimi Şurasının 39-cu toplantısına Bursanın ev sahibliyi etməsi ilə əlaqədar qərar qəbul edilib. TÜRKSOY Daimi Şurasına sədrlik Özbəkistandan Türkiyəyə keçib.

Toplantının sonunda üzv ölkələr və beynəlxalq təşkilatların nümayəndələrinə hədiyyələr təqdim olunub və ailə fotosu çəkdirilib.

Tədbirdən sonra Anar Kərimov Özbəkistanın “Xorazm” telekanalı, “Özbəkistan 24” və “Bright Uzbekistan” telekanallarına müsahibə verib. Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu bildirən nazir iki ölkənin münasibətlərinin əsasında milli, tarixi və dini faktorların böyük rol oynadığını dilə gətirib. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə dəstək verdiklərini qeyd edib. O, TÜRKSOY təşkilatı çərçivəsində üzv ölkələrin gələcək əməkdaşlıq perspektivlərini də yüksək qiymətləndirib. Anar Kərimov Şuşa şəhərinin 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsini nəinki Azərbaycan xalqı, həmçinin türk xalqları üçün də tarixi-mədəni hadisə kimi qiymətləndirib. Bildirib ki, Azərbaycan dövləti Şuşa ilə yanaşı, Ermənistan işğalı zamanı digər yaşayış məntəqələrimizdə vandalizmə, dağıntı və mənimsəməyə məruz qalmış bütün tarixi-mədəni abidələri bərpa edəcək. Artıq bu istiqamətdə ardıcıl işlər həyata keçirilir və doğma yurdundan didərgin düşmüş insanların öz torpağına qaytarılması dövlətimizin qarşısında duran prioritet məsələlərdəndir.  

Həmin günün sonunda Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovun adından rəsmi ziyafət verilib. Özbəkistan Dövlət Filarmoniyası nəzdindəki Soğdiyan Xalq Çalğı Alətləri Dövlət Kamera Orkestri ifasında türk xalqlarının musiqiləri, o cümlədən böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun əsərləri səsləndirilib.

*** 14:02
Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY-un 38-ci nazirlər iclasında Şuşanın 2023-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyini təqdim edib.

News24.az xəbər verir ki, bu barədə A.Kərimov özünün rəsmi tvitter səhifəsində paylaşım edib.

"Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY-un 38-ci nazirlər iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi-mədəni abidələrin dağıdılmasından və Vətən müharibəsindən danışdım", - nazir vurğulayıb.