Ceyhun Bayramov qırğızıstanlı həmkarı ilə görüşdü
    • 25-09-2021, 16:46
    • 580

Ceyhun Bayramov qırğızıstanlı həmkarı ilə görüşdü

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb.

Azərbaycan XİN-dən News24.az-a verilən məlumata görə, görüşdə tərəflər Qırğızıstan və Azərbaycan arasında tarixi bağları və qardaşlıq münasibətlərini qeyd edərək, əlaqələrin ikitərəfli və çoxtərəfli platformalarda uğurla inkişaf etdiyini vurğulayıb və bu əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Görüş zamanı ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, siyasi, iqtisadi, humanitar, elm-təhsil, turizm, kənd-təsərrüfatı, mədəniyyət, və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə dair qarşılıqlı razılıq ifadə edilib.

İki ölkə arasında yüksək səviyyəli səfər mübadilələrinin münasibətlərin inkişafına daha da təkan verəcəyi qeyd olunub.

Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Tərəflər beynəlxalq gündəlikdəki cari məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə törədilən geniş miqyaslı dağıntılar, tarixi-mədəni irsin məhv edilməsi, habelə mina təhlükəsi barədə danışıb, eləcə də hazırda həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, növbəti il diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ruslan Kazakbayev ölkəsinin Prezidentinin Qırğızıstan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə ünvanladığı təbrik məktubunun yüksək ünvan sahibinə çatdırılmasını xahiş edib.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.