-
- 3-09-2021, 18:13
- 680
Ceyhun Bayramov Qırğızıstanın Azərbaycandakı yeni səfiri ilə görüşdü
3 Sentyabr 2021-ci il tarixində, xarici içlər naziri Ceyhun Bayramov Qırğızıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Kayrat Osmonaliyevi qəbul edib. Səfirin etimadnaməsinin surətini qəbul edən nazir, onu təyinatı münasibətilə təbrik edib.
XİN-dən News24.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov ölkələrimiz arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərində danışaraq, bu əlaqələrin inkişafı perspektivlərini vurğulayıb. Hazırda Azərbaycan və Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirilib. Nazir, həmçinin ölkələrimiz arasında çoxtərəfli platformalarda əməkdaşlığın inkişafından məmnunluq ifadə edib.
Səfir Kayrat Osmonaliyev yeni təyin olunmasına baxmayaraq Azərbaycan barəsində məlumatlı olduğunu qeyd edib və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Səfir, Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbaevin səmimi salamlarını nazir Ceyhun Bayramova çatdırıb və nazir Kazakbaevin Azərbaycanlı həmkarını rəsmi səfərə dəvət etdiyini bildirib.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair, eləcə də qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Nazir səfir Kayrat Osmonaliyevə Azərbaycandakı gələcək fəaliyyətində uğurlar arzulayıb.