Gələn ay Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək

Gələn ay Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək
İQTİSADİYYAT

30-09-2021, 11:32

Mətn ölçüsü

Oktyabrın 27-29-da Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək.

Bu barədə News24.az-a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Məlumata görə, sammit çərçivəsində startaplar üçün xüsusi tanıtım proqramı nəzərdə tutulur.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin bir çox tanınmış dövlət rəsmilərinin və özəl sektor təmsilçilərinin iştirakı ilə baş tutacaq sammitin başlıca məqsədlərindən biri gənclərə startap layihələrini investorlara təqdim etmək fürsəti verməkdir. Bu məqsədlə sammit çərçivəsində OIC-ə üzv ölkələrdən 50-yə yaxın startapın təqdim olunacağı sərgi keçiriləcək. Startap layihələri qida, kənd təsərrüfatı, “yaşıl iqtisadiyyat”, maliyyə texnologiyaları, oyun və onlayn tətbiqlər, ətraf mühit, yenilənən enerji, ağıllı texnologiyalar, hava nəqliyyatı, logistika və s. sahələri əhatə edəcəkdir. Sərgiyə iştirakçı qismində qatılmaq istəyən Azərbaycan startapları oktyabrın 5-nə qədər müraciət edə bilərlər: https://www.icyforum.org/call-for-applications-azerbaijan-investment-culture-summit/

Yalnız startap layihəsi təşkilat komitəsi tərəfindən seçilən startaplarla əlaqə saxlanılacaq.

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti İslam Əməkdaşlığı Gənclər Forumu və KOBİA-nın birgə təşkilatçılığı, İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi ilə təşkil olunacaq. Tədbirdə Azərbaycan, Türkiyə və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, beynəlxalq təşkilatların nümayəndələri, investorlar, startaplar və gənclər təşkilatları iştirak edəcək. Üç gün davam edəcək tədbir çərçivəsində müxtəlif mövzularda panel iclaslar, sərgi və digər tədbirlər təşkil olunacaq.