"Bizim Fidanla bütün gəncliyimiz vuruşmaqla keçib" - Xuraman Qasımova
    • 5-10-2021, 19:40
    • 523

"Bizim Fidanla bütün gəncliyimiz vuruşmaqla keçib" - Xuraman Qasımova

"Bu gün hər birimizin həyatında unudulmaz bir gündür. Çox qürurlu və həyəcanlıyam, çünki ölkəmizin ən yüksək ordeninə layiq görülmüşəm". 

News24.az xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında bu gün mədəniyyət nazirinin "İstiqlal" ordeni təqdim etdiyi xalq artisti Xuraman Qasımova bildirib. 

Xalq artisti deyib ki, Azərbaycan Milli İncəsənət Muzeyinin zalında keçirilən təltifetmə mrəasimində bu zalda dəfələrlə dövlət başçısının qarşısında çıxış etdiyini qeyd edib: "Bu binanın hər qarışı mənim üçün çox qiymətlidir. Mən bu sənətə ilk addımlarımı atanda bilmirdim və düşünməzdim ki, belə uğurların sahibi olacağam. Bu yolda bacım Fidana və mənə dəstək olan valideynlərimizə təşəkkür edirik. Onlar bizi düzgün istiqamətlərdirdikləri üçün onlara minnətdarıq. Bu gün onların ruhu şaddır, çünki bizim uğurlarımızı izləyirlər. Biz sadəcə peşəmizin vurğunuyuq. Hər zaman çalışmışam ki, incəsənətimizi xarici ölkələrdə təmsil edim, musiqimizin gözəlliyini digər xalqlara da duyurum. Biz səhnə səngərlərində düşmənlərə mübarizə aparmışıq. Görünür, bunu bacardığım üçün bu gün bu mükafata layiq görülürəm. Həm bu mükafata, həm də mədəniyyət xadimlərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz təşəkkürümü bildirirəm". 

Xuraman Qasımova qeyd edib ki, mədəniyyət hər bir ölkənin dəyəri və silahıdır: "Mədəniyyət yeganə sahədir ki, hər bir dildə danışır və hər kəs onu anlayır. Bizim Fidanla bütün gəncliyimiz vuruşmaqla keçib. Biz xalqımıza çox minnətdarıq, çünki xalqımız bizi ilk çıxışlarımızdan alqışlayıb. Biz sizi sevirik. Vətən müharibəsində qazanılan qələbə və ordumuzun şücaəti unudulmazdır. Mən Azərbaycanımı, Qarabağımı çox sevirəm. Bizə bu günləri göstərən ordumuza minnətdaram, onların sayəsində torpaqlarımız qayıdıb. Son zamanlarda çox qürurlu günlər yaşamışıq. Biz qalib xalqıq və bununla hər zaman qürur duymalıyıq. Bu yaxında Vətən müharibəsində canını qurban verən şəhidlərin anım günü idi. Biz onları ehtiramla yad etdik. Mən şəhid və qazi ailələrinin qarşısında baş əyirəm. Yaşasın Azərbaycan xalqı, var olsun Qarabağ!".

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 iyun tarixli sərəncamı ilə Xalq artisti Xuraman Qasımova "İstiqlal" ordeni ilə təltif edilib.