Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il ötür
    • 18-10-2021, 08:18
    • 515

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il ötür

Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il keçir.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu qeyd edilib.

1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiqlənib.

15 oktyabr 2021-ci il tarixində Azərbaycan parlamentinin plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

Bununla da 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib.

Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.