“Kəlbəcər” tankeri  ilk səfərinə çıxdı
    • 19-10-2021, 13:41
    • 515

“Kəlbəcər” tankeri ilk səfərinə çıxdı

Ötən ay Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Kəlbəcər” tankerinin xarici sularda istismarına qərar verilib.  

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən News24.az-a verilən məlumata görə, yükü dizel yanacağı olan tanker ilk səfərinə çıxıb. Gəmi Türkmənistanın Türkmənbaşı limanından Türkiyənin Gebze limanına doğru yola düşüb.  

Uzunluğu 141, eni 16.9 metr olan yeni nəsil “Kəlbəcər” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Dedveyti – yükgötürmə qabiliyyəti 7800 ton olan tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb.

Yeni tanker Bakı Gəmiqayırma Zavodunun 2019-cu ildə təhvil verdiyi və hazırda Qara dəniz-Aralıq dənizi hövzələrində üzən “Laçın” tankeri ilə eyni tiplidir.

Gəmi həm ölkəmizin beynəlxalq yükdaşımalarda mövqeyinin möhkəmlənməsində, həm bir bazardan asılılığın aradan qaldırılmasında, həm də  xarici sularda vətənimizin təmsil və təbliğində mühüm rol oynayacaq. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə tankerə “Kəlbəcər” adının verilməsinin də böyük rəmzi mənası var.

Xatırladaq ki, ASCO-nun uzun fasilədən sonra Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub.