Təhsil və Səhiyyə nazirlikləri birgə məlumat yaydı
    • 22-10-2021, 11:51
    • 633

Təhsil və Səhiyyə nazirlikləri birgə məlumat yaydı

Bildiyimiz kimi, Nazirlər Kabinetinin tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair müvafiq qərarına əsasən, sentyabrın 22-dən I-IV, sentyabrın 29-dan isə V-XI siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb. Bu müddət ərzində təhsil müəssisələrində tədris prosesi xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib. Ümumtəhsil məktəblərində çalışan təhsil işçilərinin 80 faizdən çoxu COVID-19-a qarşı hər 2 doza vaksin olunub.

News24.az xəbər verir ki, bu barədə Təhsil və Səhiyyə nazirlikləri birgə məlumat yayıb.

Bildiririk ki, müvafiq qaydalara uyğun olaraq məktəblərdə koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal bağlanmalar barədə qərar qəbul edilir. Belə ki, ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib. Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib.

Hazırda 433 sinif distant formada tədrisə davam edir.

İndiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib.


Şagirdlər arasında yoluxma halları nəzərə alınaraq, valideynlərə müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmək tövsiyə olunur. Yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.


Koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması, bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Belə olan halda xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Bunları nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin olunmuş müəllimləri ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza (“buster” doza) ilə peyvəndlənməni zəruri hesab edir.


Qeyd edək ki, hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır. Ənənəvi tədrisin davamlı olmasını təmin etmək üçün sosial məsafəni gözləmək, sanitar-gigiyena qaydalarına əməl etmək önəmlidir. Növbəti həftələrdə də yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək və bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.