Ceyhun Bayramov İranla münasibətlərdən danışdı
    • 4-11-2021, 15:31
    • 444

Ceyhun Bayramov İranla münasibətlərdən danışdı

“Bilirsiniz ki, uzun illər ərzində Azərbaycan xarici siyasətinin prioritetinin əsasını bütün ölkələrlə, xüsusi olaraq qonşu ölkələrlə yüksək səviyyəli əməkdaşlıq, dostluq münasibətlərinin qurulması və onun inkişaf etdirilməsi təşkil edir. Bu illər ərzində də Azərbaycan-İran münasibətləri məhz bu istiqamətdə inkişaf edib. Son illər ərzində bilirsiniz ki, iki ölkə arasında çoxsaylı birgə layihələr həyata keçirilib. Şimal Dəniz Dəhlizi, Araz çayı üzərində böyük layihələr və birgə iqtisadi yatırımlar olub. Bu sahədə böyük işlər görülüb” .

News24.az
Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında bildirib.
“Qeyd etdiyimiz kimi, bir neçə ay bundan öncə bir sıra məqamlar mövcud olub. Onlar əsasən Azərbaycanın Qarabağ bölgəsinə İrandan maşınların daxil olması ilə bağlı idi. Bununla bağlı olaraq bizim narahatlığımız İran tərəfinə çatdırılıb. Bu istiqamətdə mesajlar verilib. Buna baxmayaraq, belə hallar davam edib.

Daha sonra Azərbaycan ərazisində yoxlama tədbirləri həyata keçirilən zaman İran şirkətlərinə məxsus iki avtonəqliyyat vasitəsinin qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olma faktları aşkar edilib. Həmin sürücülər saxlanılıb, maşınlar müsadirə edilib. Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlar davam etdirilib”, -deyə XİN rəhbəri əlavə edib.