387 nəfər toya vaksinsiz getmək istədi - VİDEO/FOTO

387 nəfər toya vaksinsiz getmək istədi - VİDEO/FOTO
HADİSƏ / Video

4-11-2021, 16:17

Mətn ölçüsü

Polis əməkdaşları tərəfindən qapalı məkanlar və ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Tədbir nəticəsində ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbiri görülüb. Tədbir zamanı peyvənd olunmadan, yəni 2-ci dozanı qəbul etmədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər də saxlanılıblar. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

Sumqayıt şəhərində keçirilən sonuncu profilaktik zamanı ictimai nəqliyyatda pandemiya qaydalarını pozan ümumilikdə 39 sürücü və sərnişin barədə inzibati protokol tərtib edilib.

Tədbir zamanı Sumqayıt şəhərində yerləşən qapalı məkanlar, iri ticarət mərkəzləri, kinoteatrlar və digər ictimai iaşə obyektlərində də sanitar-karantin qaydalarına əməl olunmasına nəzarət polis əməkdaşları tərəfindən gücləndirilib. Yoxlamalar zamanı şəhər ərazisində yerləşən iri marketlərdən birində sanitar-gigeyenik qaydalara əməl olunmadığı, yəni müştərilərin obyektə daxil olan zaman onların hərarətinin ölçülmədiyi və əllərinin də dezinfeksiya olunmadığı, həmçinin xidməti personalın maskadan düzgün istifadə etmədiyi aşkar edilib. Həmin obyekt barəsində polislər tərəfindən inzibati qaydada tədbir görülüb.

Həmçinin profilaktik tədbirlər çərçivəsində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən digər dövlət orqanlarının mütəxəssislərinin iştirakı ilə şəhər ərazisində yerləşən şadlıq saraylarında da yoxlamalar aparılıb. Pandemiyanın qaydalarına əməl edilmədiyi məkanlarda qeydə alınan neqativ hallarla bağlı polis əməkdaşları müvafiq tədbirlər görüblər.

Qeyd edək ki, son 10 gün ərzində Sumqayıt şəhərində keçirilən toy məclislərində vaksin olunmadan iştirak etmək istəyən 387 nəfər aşkar edilərək geri qaytarılıb. Bu yoxlamalar zamanı axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib, 1 nəfər aktiv koronavirus xəstəsinin isə toy məclisində iştirak etməsinin qarşısı alınıb.

"Sumqayıt şəhəri ərazisində sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq polis əməkdaşları tərəfindən həyata keçiriləcək, - Mətbuat Xidmətindən bildirilib.

YouTube