Hulusi Akar Azərbaycanın şəhid baş leytenantından danışdı, göz yaşlarını saxlaya bilmədi - VİDEO
    • 9-11-2021, 13:51
    • 782

Hulusi Akar Azərbaycanın şəhid baş leytenantından danışdı, göz yaşlarını saxlaya bilmədi - VİDEO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan baş leytenantı Valeh Məmiyevlə bağlı xatirələrini bölüşüb.

News24.az xəbər verir ki, nazir mərhum V.Məmiyevlə vaxtilə həmsöhbət olduğunu deyib.

"O, mənə Azərbaycana məxsus torpaqları xilas edəcəyinə söz verdi", - H.Akar vurğulayıb.

H.Akar bu zaman kövrəlib və göz yaşlarını saxlaya bilməyib: “Bu oğlumuzla təlim zamanı söhbət etdik. “Bu təlimlər, uğurlar əhəmiyyətlidir, ancaq əsl uğur işğal altındakı torpaqların azad edilməsidir” dedik. Bu övladımızın hərbi əməliyyatda yaralanması və hospitalda “verdiyim sözə əməl etdim” deyib şəhid olması mənalı, əhəmiyyətli və dəyərli xatirədir”.

Türkiyənin müdafiə naziri şəhid ailələrinə başsağlığı verib, qazilərə şəfa diləyib: "Şəhidlərimizin və qazilərimizin ailələrinin heç bir halda əziyyət çəkməmələri üçün biz Türkiyə, sizlər burada Azərbaycan olaraq, hər cür fədakarıq göstərdik və bu istiqamətdə fəaliyyətimiz davam edir.

Şəhidlər və qazilər başımızın tacıdır. Onların ailələrinin rahat və hüzurlu olması bizim üçün çox əhəmiyyətlidir. Onlara hər hansı hörmətsizliyi qəbul etməyimiz mümkün deyil. Bunun əksini edənlər mütləq millətimizin qəlbində mühakimə olunacaqlar”.

H.Akar çıxışının sonunda “Yaşasın Türkiyə, yaşasın Azərbaycan, yaşasın Azərbaycan və Türkiyənin əbədi qardaşlığı!” şüarını söyləyib.