Millimiz bu dəfə də UDUZDU - YENİLƏNİB - FOTOLAR
    • 11-11-2021, 23:12
    • 506

Millimiz bu dəfə də UDUZDU - YENİLƏNİB - FOTOLAR

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində çıxışını başa vurub. 

News24.az saytının məlumatına görə, Avropa zonasının A qrupunda mübarizə aparan yığmamız son oyununu evdə keçirib.

Canni de Byazinin yetirmələri IX turda Lüksemburqu qəbul edib. Bu matçadək sonuncu pilləni tutacağı rəsmiləşən millimiz elə autsayderə xas oyun nümayiş etdirib.

Tellur Mütəllimovun 21-ci dəqiqədə qırmızı vərəqə alaraq komandamızı azlıqda qoymasından sonra “cırtdanlar” meydanda daha çox hegemonluq edib.

Rəqib qarşısında aciz qalan yığmamız uzun müddət qapısının toxunulmazlığını qorusa da, ikinci hissənin ortalarında müqaviməti qırılıb. Öncə Gerson Rodriges, ardınca Sebastyan Till səviyyə fərqini ortaya qoyub. Azər Salahlının təsəlli qolu isə komandamıza heç nə verməyib. Əvəzində Rodriges dublunu rəsmiləşdirməyi də bacarıb. Bununla da Lüksemburq öz meydanında olduğu kimi Bakıda da millimizə qalib gəlib – 3:1. 

Evdə keçirdiyi bütün oyunlarda uduzan yığmamız seçmə mərhələni özünə doğmalaşan sonuncu pillədə başa vurub. 1 xal toplayan komandamız AVRO-1996-da imza atdığı antirekordu ötən tsikldəki kimi yenidən təkrarlayıb.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər matçında Portuqaliya ilə İrlandiya qarşılaşacaq.

22:40

Azərbaycan və Lüksemburq yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda ilk hissə başa çatıb.

News24.az xəbər verir ki, ilk hissədə hesab açılmayıb.

FOTO: Teymur Məmmədov