Təhsil işçilərinə təltiflər TƏQDİM EDİLDİ - FOTOLAR
    • 22-11-2021, 13:18
    • 479

Təhsil işçilərinə təltiflər TƏQDİM EDİLDİ - FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində çalışan bir qrup təhsil işçisinin təltifləri təqdim edilib.

Bu barədə News24.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva xüsusi missiya daşıyıcısı olan müəllimin üzərinə düşən vəzifələrin məsuliyyətindən söz açıb. O, təhsilin inkişafındakı xidmətlərinə görə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin təltif olunan müəllimlərini təbrik edib.

İdarə müdiri ölkəmizdə təhsil işçilərinin fəaliyyətinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin siyasəti sayəsində ardıcıl şəkildə həyata keçirilən islahatlar bu vacib strateji sahənin tərəqqisinə güclü təkan verib, ölkə təhsilinin qabaqcıl təhsil ənənələrinə inteqrasiyasına əlverişli imkan yaradıb.

M.Vəliyeva qeyd edib ki, dövlət tərəfindən məktəbə, təhsilə, müəllimə yaradılmış şərait təhsil işçilərini daha da ruhlandırır, öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir.

Daha sonra uğurlarına və səmərəli fəaliyyətinə görə fərqlənən təhsil işçilərinə, eləcə də Vətən müharibəsində iştirak etmiş qazi müəllimlərə Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərmanı təqdim olunub.