Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verildi
    • 22-11-2021, 16:05
    • 506

Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verilib.

ƏƏSMN-dən News24.az-a verilən məlumata görə, mənzillərin sənədlərini nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov və “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev təqdim ediblər.

Z.İbrahimov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun möhtəşəm tarixi Zəfər əldə etdiyi Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərin, erməni terrorundan zərər çəkənlərin sosial dəstəklə təminatı işlərini qeyd edib. 33 min şəxsin artıq bu tədbirlərlə əhatə olunduğunu bildirib.

Qeyd olunub ki, şəhid ailələri və müharibə əlillərinə 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam aparılır. Onlardan artıq 1900 mənzil qeyd olunan kateqoriyadan olan vətəndaşlara təqdim olunub. İndiyədək isə 11 100 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev verilib. Dövlət başçısının müvafiq Sərəncamı 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olan şəxslərə verilməsini nəzərdə tutur.

Vətən Müharibəsi Qəhrəmanlarının, onlardan şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri davam etdirilir.

F.Rzaquliyev bildirib ki, möhtəşəm Zəfəri bizə yaşadan qəhrəman şəhidlərimizin ailələrinə və qazilərimizə mənzillərin təqdim edildiyi bu tədbir bir daha onu göstərir ki, dövlətimiz hər zaman bu kateqoriyadan olan vətəndaşların yanındadır və onlara öz dəstəyini göstərir.

Mənzillə təmin olunan şəhid ailələri və müharibə əlilləri daim dövlət qayğısı ilə əhatə olunduqlarına, yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.