MEDİA və “ADA” Universiteti gənc jurnalistlər üçün seminarlara başladı - Fotolar
    • 29-11-2021, 15:47
    • 483

MEDİA və “ADA” Universiteti gənc jurnalistlər üçün seminarlara başladı - Fotolar

Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “New Media” gənc jurnalistlər üçün nəzəri və praktiki biliklər üzrə seminarlar başlayıb.

News24.az xəbər verir ki, proqramın açılış mərasimində çıxış edən ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva bildirib ki, ixtisasartırma proqramları 2007-2021-ci illəri əhatə edən müddət ərzində 6000-dək diplomat və müxtəlif dövlət qurumlarımı təmsil edən peşəkarlar üçün təlim proqramları və seminarlar təşkil edib.

O deyib ki, bu gündən etibarən başlayan və bilavasitə tələbələr üçün nəzərdə tutulan proqram ərzində ADA Universitetinin professor-müəllim heyəti iştirakçılara yalnız nəzəri deyil, eyni zamanda praktiki bacarıqlar da ötürəcəklər.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, media sahəsində həyata keçirilən islahatların əsas istiqamətləri normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin, istifadəçilərin media savadlılığının artırılmasıdır. Onun sözlərinə görə, seminarların təşkilində əsas məqsəd bu sahəyə gələn yeni mütəxəssislərin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

Sonra ADA Universitetinin Proqram administratoru Sona Əliyeva isə iştirakçıları proqram qaydaları ilə tanış edib.

Silsilə seminarların ilk günündə ADA Universitetinin İctimai və Beynəlxlaq münasibətlər məktəbinin müəllimi Şəfəq Mehrəliyeva “Müasir media mühitinə baxış”, “Jurnalist missiyası” mövzularında çıxış edib.

Qeyd edək ki, “Yeni qabiliyyətlər, həmin dəyərlər” başlığı altında keçirilən silsilə seminarlarda Media İnkişafı Agentliyinin “MEDİA Konüllüləri” proqramının fəalları arasından seçilən 17 namizəd müasir media mühiti, jurnalist dəyərləri, peşə etikası və davranış qaydaları, o cümlədən Azərbaycana dair fundamental mövzular (Azərbaycan – Ermənistan münasibətlərinin keçmişi, gələcəyi; tarixi Zəfərimizin milli və regional miqyasda təsiri; Cənubi Qafqazın geosiyasəti; Xəzər hövzəsinin təbii ehtiyatlarının qlobal əhəmiyyəti və s.) üzrə nəzəri biliklər əldə edəcəklər. Həftəlik seminarlarda iştirakçılar jurnalist peşəsində lazımlı olan ünsiyyət bacarıqları, protokol və etiket, vaxtın və stresin idarəedilməsi kimi qabiliyyətlər inkişaf etdirəcəklər. Eyni zamanda, peşəkar xəbər istehsalı mühitində işlək qabiliyyətləri aşılamaq üçün gənc jurnalistlər müəllimlərinin bələdçiliyi ilə qrup şəklində şərti adı “İnfromasiya siyasətinin Ali Baş Komandanı” olan 15 dəq film üzərində işləyəcəklər. Təlim proqramını bitirdikdən sonra seminar məzunlarının Medianın İnkişafı Agentliyinin tövsiyyəsi ilə ölkənin müxətlif media subyektlərində ilkin mərhələdə təcrübə proqramına, daha sonra isə məşğulluğa başlayacaqları gözlənilir.