Bakının mərkəzində toydan çıxan qardaşlar dava-dalaş saldı, polislərə xəsarət yetirildi
    • 3-12-2021, 15:47
    • 593

Bakının mərkəzində toydan çıxan qardaşlar dava-dalaş saldı, polislərə xəsarət yetirildi

Yasamal rayon Məhkəməsində bir neçə ay əvvəl toydan çıxdıqdan sonra dava-dalaş salan və polis zabitlərinə xəsarət yetirmiş Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Rafail Abıyev barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən və Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə açılmış işə baxış zamanı zərərçəkən şəxslərin Rəfaeli bağışladığı məlum olub.

İfadələrdə qeyd edilib ki, hadisə baş verən gün Rəfael Yasamal rayonu Şərifzadə küçəsində yerləşən İdeal şadlıq evində toyda olub və orada qardaşları və digərşəxslərlə yeyib içib. Toydan qonaqların bir hissəsi onun qardaşı Dağıstanın yaşadığı binanınq qarşısına gəlib. Bu zaman, yəni gecəyarısı içkili şəxslərin binanın qarşısında səs-küy saldığını görən sakinlərdən biri onlara irad tutub. Qonşunun Dağıstana irad bildirməsini qəbul etməyən digər qardaşı Yalçın onu yumruqla vuraraq xəsarətlər yetirib və əraziyə polislər gəlib.

Polis əməkdaşları sərxoş qardaşları və oradakı digər şəxsləri 29-cu Polis Bölməsinə aparıblar.

Bölmədə Rəfael ayaqyoluna gedib yenidən təhqiqatçının otağının qarşısına gələndə qardaşı Dağıstanın huşsuz vəziyyətdə yerdə uzandığını görüb.

Qardaşının orada döyüldüyünü düşünən Rəfael onu yerdən qaldırmağa çalışan şəxslərə hücum edib və onlara xəsarətlər yetirərək təhqir edib.

Sonradan məlum olub ki, Rəfaelin vurduğu şəxslərdən ikisi polis zabitidir və onlar içkili halda yıxılan Dağıstanı ayağa qaldırmağa çalışırmış.

Məhkəmə tərəflərin barışmasını və digər halları nəzərə alaraq ona 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Cəza müddətində o, ayağında elektron nəzarət cihazı gəzdirməlidir.