Ermənistan buna görə məsuliyyətə cəlb olunmalıdır - XİN
    • 8-12-2021, 11:55
    • 565

Ermənistan buna görə məsuliyyətə cəlb olunmalıdır - XİN

 Ermənistanın beynəlxalq hüquq pozuntularına görə məsuliyyətə cəlb olunması üçün Ermənistanın yol verdiyi pozuntulara təkcə BMT-nin Beynəlxalq Məhkəməsində deyil, digər müxtəlif beynəlxalq strukturlarda da baxılacaq.

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O, Azərbaycanın əvvəlcə Avropa İnsan Hüquqları Məkəməsinə müraciət etdiyini, Ermənistanın da bundan sonra həmin məhkəməyə müraciət etdiyini xatırladıb: “Bütün beynəlxalq məhkəmələrdə proseslər bir neçə il davam edir”.

Onun sözlərinə görə, BMT-nin Beynəlxalq Məhkəməsi Azərbaycanın müraciət etdiyi ikinci məhkəmə instansiyasıdır: "Ermənistan öz işğalçı siyasətindən diqqəti yayındırmaq üçün BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edərək, Azərbaycana qarşı əsassız iddialar irəli sürüb”.

Xatırladaq ki, dekabrın 7-si Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən, azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib.

Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib./Report/