Prokurorluq orqanlarının beynəlxalq əməkdaşlığı davam etdirilir - Foto
    • 8-12-2021, 12:47
    • 491

Prokurorluq orqanlarının beynəlxalq əməkdaşlığı davam etdirilir - Foto

Korrupsiyaya qarşı mübarizənin transmilli xüsusiyyətləri və ona qarşı qlobal mübarizənin labüdlüyü nəzərə alınmaqla prokurorluq orqanlarının beynəlxalq təşkilatlarla, habelə xarici ölkələrin bu sahədə ixtisaslaşmış qurumları ilə əməkdaşlığı davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, belə tədbirlərdən biri kimi, dekabrın 3-də Özbəkistan Respublikasında keçirilmiş “Korrupsiyaya qarşı Mübarizə və Şəffaflıq” adlı Beynəlxalq Daşkənd Forumunda Azərbaycan Respublikası Baş prokurorunun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərlik etdiyi, tərkibinə Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov və həmin idarənin prokuroru Kamil Kamillinin daxil olduğu nümayəndə heyəti iştirak edib.

Müxtəlif beynəlxalq təşkilatların, xarici ölkələrin ixtisaslaşmış qurumlarının, habelə ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən Nazim Rəcəbov ölkəmizin korrupsiyaya qarşı mübarizə təcrübəsini iştirakçılarla bölüşərək, bu sahədə ölkəmizdə həyata keçirilmiş ardıcıl və sistemli qabaqlayıcı tədbirlər, aparılmış hüquqi və institusional islahatlar, eləcə də əldə edilmiş digər nailiyyətlər barədə geniş məlumat verib.

Həmçinin, səfər çərçivəsində Baş İdarə rəisi Nazim Rəcəbovla Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldoşev, Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanov və Baş Prokurorluğun Akademiyasının rəhbəri Yevgeniy Kolenko arasında keçirilmiş ikitərəfli görüşlərdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib, habelə nümayəndə heyətinə sözügedən qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Bundan başqa, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Özbəkistan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyası arasında formalaşmış səmərəli əməkdaşlığın növbəti təzahürü kimi iki qurum arasında Anlaşma Memorandumu imzalanıb.

Səfər zamanı nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzini ziyarət edərək mərkəzin fəaliyyəti ilə yaxından tanış olmuş, Ümummilli Lider Heydər Əliyevin büstü üzərinə əklil qoyularaq, xatirəsi ehtiramla yad edilib.