Peşə təhsilli məzunlar üçün karyera sərgisi təşkil edildi - FOTO
    • 9-12-2021, 14:42
    • 480

Peşə təhsilli məzunlar üçün karyera sərgisi təşkil edildi - FOTO

Dekabrın 9-da Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində karyera sərgisi təşkil edilib.

News24.az xəbər verir ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilən tədbirə 400-dən çox vakansiya ilə 24 şirkət qatılıb. Karyera sərgisində, həmçinin Bakı şəhərində yerləşən 9 peşə təhsili müəssisəsi iştirak edib. 40-a qədər qısamüddətli təlim iştirakçısının və 350-yə qədər peşə təhsilli məzunun faydalandığı tədbirdə məşğulluq, iş imkanları təklif edilib, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradılıb. Karyera sərgisinə məzunların hazırlaşması üçün peşə məktəbləri tərəfindən karyera məsləhət xidməti göstərilib.

Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzinin direktoru İdris Musayev sərginin işaxtaranlar və işəgötürənlər üçün əhəmiyyətindən söz açıb, peşə təhsilli məzunların, tələbələrin gələcəkdə uğurlu karyera qurmasında və şirkətlərlə əməkdaşlıqda əmək yarmarkasının faydalı olacağını vurğulayıblar. Qeyd edilib ki, karyera sərgisinin əsas məqsədi peşə təhsilli gənclərin məşğulluğunun təminatı, onların ixtisası üzrə əmək bazarında iş tapması və işəgötürənlərin bu prosesə yaxından cəlb edilməsidir.

Sonra işəgötürən şirkətlərin stendləri ilə tanış olub. Şirkət nümayəndələri ilə gənclərin məşğulluğuna gələcək dəstək tədbirləri haqqında fikir mübadiləsi aparıblar. Daha sonra peşə məktəblərinin tələbə və məzunlarının əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.

Tədbir zamanı peşə təhsili müəssisələri və işəgötürənlərin nümayəndələri iş yerində öyrənmə, gənclərin məşğulluğuna dəstək və birgə layihələrin həyata keçirilməsi istiqamətlərində əməkdaşlıq üçün müzakirələr aparıblar.