Hərbi Prokurorluqda Heydər Əliyevin xatirəsi anıldı - Fotolar
    • 9-12-2021, 18:59
    • 583

Hərbi Prokurorluqda Heydər Əliyevin xatirəsi anıldı - Fotolar

Bu gün Hərbi Prokurorluqda ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, siyasətçinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Mərasimdə çıxış edən Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən geniş bəhs edib.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən söz açan Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb.

Onun istefa verdiyi vaxtdan, yəni 1987-ci ilin oktyabrından 1993-cü ilin iyununda növbəti dəfə hakimiyyətə qayıdışınadək olan dövrdə ölkədə yaranmış özbaşınalığın, anarxiyanın, xaosun, hakimiyyət nümayəndələrinin xalq və dövlətin deyil, ayrı-ayrı şəxslərin maraqlarına xidmət etməsinin iqtisadiyyatımızın tənəzzülə uğraması, ictimai-siyasi sabitliyin pozulması, eləcə də tarixi torpaqlarımızın işğal olunması ilə nəticələndiyini, eyni zamanda, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsini yaratdığını, yalnız dahi şəxsiyyət Heydər Əliyevin xalqın israrlı tələbi ilə qayıdışından sonra hər şeyin müsbətə doğru dəyişdiyini vurğulayan Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən bu böyük qayıdışdan sonra vətəndaş müharibəsinin, eləcə də, müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alındı, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb, bununla da Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub.

Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə ölkəmizdə müstəsna əhəmiyyətli nəhəng işlər görülüb, hərtərəfli köklü islahatlar həyata keçirilib, bütün sahələrdə misli görünməmiş uğurlar əldə olunub.

Prezident İlham Əliyevin dərin zəkası, zəngin bilikləri, mükəmməl rəhbərliyi, qətiyyəti və yorulmaz fəaliyyəti sayəsində, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində iqtisadiyyatımız daha da güclənib, ölkəmiz hərtərəfli inkişaf edib, qüdrətli Silahlı Qüvvələrimiz formalaşdırılıb.

Eyni zamanda, dövlətimizin beynəlxalq nüfuzu daha da artmaqla, dünya ölkələri sırasında mövqeyi hərtərəfli möhkəmlənib. Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm Qələbəmizi şərtləndirib. Nəticədə 30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımız hərbi və siyasi-diplomatik yolla işğaldan azad edilib. Millətinə xidməti həyat amalına çevirmiş Prezident İlham Əliyevin verdiyi bütün vədləri əməlləri ilə doğruldaraq, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirməklə xalqın sonsuz məhəbbətini qazandığını vurğulayan ədliyyə general-leytenantı Xanlar Vəliyev dövlətimizin başçısının növbəti dəfə də vədinə əməl etməsindən, işğal altında olan tarixi ərazilərimizin azad olunmasından, bu şərəfli missiyanın həyata keçirilməsi zamanı müşahidə olunan bənzərsiz lider-xalq-ordu vəhdətindən, Ali Baş Komandanın rəhbərliyi ilə hərbçilərimizin şanlı tarix yazdıqlarından ətraflı danışıb.