Deputatlar diplomatik pasportun ömürlük verilməsini istəyirlər
    • 20-12-2021, 13:01
    • 622

Deputatlar diplomatik pasportun ömürlük verilməsini istəyirlər

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar ömürlük diplomatik pasportun onlara da şamil edilməsini təklif edib.

Deputat Sabir Rüstəmxanlı çıxışında deyib ki, diplomatik pasport millət vəkillərinə seçildiyi müddətə verilir: "Məncə, millət vəkilliyi vaxtı qurtaran, amma Azərbaycanda hələ də fəaliyyət göstərən insanların sayı 15-200 nəfərdir. Millət vəkili seçilməyəndə onun diplomatik pasportunun əlindən alınmaması üçün qanunlara dəyişiklik edə bilərik. Bu barədə düşünmək olar. Hətta bundan əvvəl deputat olan, amma indi seçilməyən deputatların da diplomatik pasportları qaytarılsın”.

Deputatlar Fəzail Ağamalı  və Məlahət İbrahimqızı da həmkarının təklifi dəstəkləyib.

Komitə sədri Əli Hüseynli isə cavabında bildirib ki, bu, bir sıra ölkələrdə olsa da, bəzilərində yoxdur: "Bu format Azərbaycanda uzun illər mövcuddur. Diplomatik pasport hazırda bizim fəaliyyətimiz dövründə verilir. Bunun gərək həm də rəyləri olsun. Ancaq bütün millət vəkilləri bu məsələni qaldırarsa, komitədə buna baxıla bilər”.

Spiker Sahibə Qafarova isə qeyd edib ki, artıq bir çox həmkarlar məsələni qaldırıb: “Ona görə bunu nəzərə almaq olar". /Qafqazinfo.az/