Çörəyin qiyməti YENİDƏN BAHALAŞA bilər – Ekspertlərdən XƏBƏRDARLIQ
    • 6-01-2022, 18:36
    • 612

Çörəyin qiyməti YENİDƏN BAHALAŞA bilər – Ekspertlərdən XƏBƏRDARLIQ

İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörəyin qiymətini müəyyənləşdirib. İdxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik olacaq.

Bəs, görəsən hazırkı vəziyyətdə bu qiymət artımına ehtiyac var idimi? 

News24.az qiymət artımı ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

İqtisadçı alim, millət vəkili Vüqar Bayramov problemin özəyini belə izah edib: “Taxıla olan tələbatın bir hissəsi idxalın hesabına ödənilir. 2021-ci ilin 11 ayında Azərbaycan bir milyon tondan artıq buğda idxal edib. Bu, məhz həmin idxal üçün 288 milyon dollara yaxın vəsaitin xərclənməsi anlamına gəlir. 2020-ci ilin 11 ayında 1,2 milyon ton buğda idxal olunmuşdu. Amma 1,2 milyon buğdaya 262 milyon dollar vəsait ödənilmişdi. Əslində rəqəmlərin müqayisəsi göstərir ki, idxal qiymətlərində artımlar var. Bu da təbii ki, bütövlükdə daxili bazarda qiymət artımlarına gətirib çıxardıb. Amma təbii ki, biz qiymət artımlarının qarşısının alınması və optimallaşdırılması üçün bir neçə istiqamət üzrə tədbirlərin dərinləşməsini təklif edirik”.

Vüqar Bayramov hesab edir ki, taxıl istehsalı üçün subsidiya mexanizminə yenidən baxılması və taxıl istehsal edən fermerlərə daha çox subsidiyaların verilməsi məqsədəuyğun olardı: “Nəzərə alsaq ki, taxıl, buğda strateji əhəmiyyət daşıyır. Bu baxımdan daha məqsədəuyğundur ki, buğda istehsal edən fermerlər baxmayaraq ki, stateji məhsul olaraq daha çox subsidiya alırlar, amma həmin subsidiya məbləğinə baxılması və xüsusən də istehsal həcminə uyğun olaraq daha çox subsidiyanın təklif edilməsi məqsədəuyğundur. Bu zaman xüsusən də keyfiyyət növündən asılı olaraq daha çox buğda yetişdirən fermerlərə daha çox subsidiya verilə bilər. Bu da nəticə etibarı ilə imkan verir ki, həm istehsalın genişləndirilməsinə nail olmaq mümkün olsun, həm də daxildə istehsal edilən buğda və taxılın xərcini azaltmaqla bütövlükdə qiymət artımlarının qarşısının alınması və bütövlükdə qiymətlərin optimallaşdırılması mümkün olsun”.

Qarabağ çıxış yoludur

Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizin taxıl istehsalı baxımından böyük potensialı var: “Füzuli, Ağdam və digər bir sıra işğaldan azad olunmuş rayonlarımız işğaladək taxıl istehsalında aparıcı rayonlar idi. Bu baxımdan həmin rayonlarımızda da taxıl istehsalının intensiv şəklə salınması, təşkil olunması və həmin ərazilərimizin yenidən aparıcı taxıl istehsal edən rayonlar sırasına cəlb edilməsi məqsədəuyğundir. Bu istiqamətdə də işlərin daha intensiv şəkildə həyata keçirilməsinə ehtiyac var. Təbii ki, mina prosesə təsir edən, mane olan əsas səbəblərdəndir. Əlbəttə, minalardan təmizlənmə prosesinə uyğun olaraq həmin əraziləriməzdə taxıl əkini sahələrinin salınmasına ehtiyac var ki, bütövlükdə yerli istehsal hesabına taxıl fondunu genişləndirmək mümkün olsun.


Bu baxımdan çörəyin qiyməti strateji əhəmiyyət daşıdığı üçün və nəzərə alanda ki, Azərbaycanda hər bir ailənin, demək olar, gündəlik istehlak etdiyi məhsul məhz çörəkdir, o zaman yerli istehsalın genişləndirilməsi və xarici bazardan asılılığının minumumlaşdırılmasına ehtiyac var ki, bununla da qiymət artımların qarşısını alaraq, ümumiyyətlə, daha optimal şəkildə taxılın və unun təklif edilməsinə nail olunması mümkün olsun”.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qiymət artımının əsas səbəbi Azərbaycanın özünü ərzaq buğdası ilə təmin edə bilməməsidir: “Ölkənin ərzaq buğdasına olan tələbatı 1 milyon 700 min, 1 milyon 800 min tondur. Bunun cəmi 30 faizi daxili istehsal hesabına ödənilir.

Xaricdən asılılıq...

Hər il xaricdən 1 milyon 200, ya da 1 milyon 300 min ton taxıl ölkəmizə daxil olur. İl ərzində Rusiyadan 700-800 min ton taxıl alırıq. Nəticə etibarilə xarici bazarlarda qiymətin artımı Azərbaycandakı qiymətlərə təsir edir. Əgər özümüzü buğda ilə təmin edə bilsəydik, xaricdən asılılığımız da olmayacaqdı. Xarici bazardan asılılığımız, daxildə təşviq proqramlarının düzgün qurulmaması un və çörəyin qiymətlərinin artımı ilə tamamlandı”.

Ekspert çıxış yollarından da söz açıb: “Əsas çıxış yolu təbii ki, məhsul bolluğudur. Ərzaq təhlükəsizliyini ölkələr özləri təmin etməlidir. Ərzaq təhlükəsizliyi ümumi ölkə təhlükəsizliyinin tərkib hissəsidir. İşğaldan azad olunan torpaqlarımızın daxili istehsalla bağlı çox yaxşı potensialı var. Orada elmi yanaşmalarla qurulan keyfiyyətli təsərrüfatlar hesabına daxili istehsalımızı artırmalıyıq ki, xarici amillərdən asılılığımız azalsın”. 

İqtisadçı-ekspert Rəşad Həsənov saytımıza açıqlamasında deyib ki, Azərbaycan idxaldan, taxıldan və undan asılı ölkədir: “Buna görə də qlobal miqyasda qiymətin bahalaşmasının daxili bazarlara transformasiya olunması hardasa başadüşüləndir. Adətən hökumət bu kimi məsələlərdə özünün alətlərindən istifadə edirdi. Xüsusilə, subsidiya mexanizmi 2021-ci ildən tətbiq edilməyə başladı. Görünən ondan ibarətdir ki, indiki şərtlər daxilində hazırlanan mexanizmlər qiymət artımına adekvat deyil. Qiymət artımı ilə bağlı qərar qəbul edilməsəydi bu, hansısa formada qıtlığa gətirib çıxara və ya ciddi problemlərə yol aça bilərdi”. 

Əhaliyə növbəti ağır yük


Ekspert əlavə edib ki, pandemiyanın tüğyan etdiyi bu ərəfədə qiymət artımı doğru deyil: “Əhalinin gəlirləri aşağıdır. Nazirlər Kabinetinin “minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” qərarına əsasən, 1 işləyən üçün il ərzində orta hesabla 150 kiloqram çörək istehlak olunur. Bu da o deməkdir ki, 1 nəfər üçün il ərzində 150 kiloqram çörək istehlakı 30 manat olacaq. 4 nəfərlik orta statistik ailə üçün isə 120-150 manat fərq yarada bilər. Təkcə bir məhsul üzrə ailədə bu qədər maliyyə yükünün formalaşması böyük göstəricidir. Zamanında doğru iqtisadi siyasət həyata keçirməklə mövcud taxıl fondunun fəaliyyətinin səmərəli təşkili bu kimi kataklizmlər fonunda bazara əlavə məhsul təşviq edə bilərdi. Subsidiya mexanizmləri daha da təkmilləşdirilərək, ən azından 2022-ci il ərzində çörəyin qiyməti ilə bağlı təzyiqlərdən müdafiə olunardı. Çörəyin qiymətinin bahalaşması yoxsulluq istiqamətində yaranan təzyiqləri daha da dərinləşdirən amil olacaq”. 

Qiymətlər çoxdan bahalaşıb...

İqtisadçı-ekspert Xalid Kərimli isə məsələyə fərqli yanaşıb: “Pandemiya elan edildiyi vaxtdan və dünya miqyasında sərt karantin rejimi müəyyənləşdikdən sonra qlobal bazarlarda qiymət artımı özünü büruzə verib. Sadəcə Azərbaycan hökuməti bunu əhaliyə hiss etdirməmək üçün unun strateji məhsul olduğunu və xüsusilə də sosial cəhətdən zəif təbəqələrin menyusunda əhəmiyyətli yer tutduğunu nəzərə alaraq, tədbirlər həyata keçirib. İlk olaraq un idxalı zamanı ödənilən əlavə dəyər vergisi 18% ləğv edilib. Təxminən qiymətlərin 18% artımını neytrallaşdırıb. Pandemiya başlayandan sonra qlobal dünya bazarında buğda qiymətləri 59-60 faiz artıb. Bu bahalaşma bir yerdə qalmır”. 


O, vurğulayıb ki, qiymət artımının bazara təsir etməməsi üçün hökumət müxtəlif tədbirlər həyata keçirib: “2021-ci ildə bu təsirlərin qarşısını almaq üçün subsidiya mexanizmi işə salındı. 31 maya qədər un istehsalçılarına hər tona görə 35 manat subsidiya verildi. Sentyabrın 1-dən etibarən ikinci mezanizm irəli sürüldü. Un istehsalçılarına Buğdanın topdansatış qiyməti 520 manat idxal qiyməti ilə birgə 25 faiz marja müəyyənləşdirildi. Aradakı fərqi dövlət un istehsalçılarına ödəməyə başladı. Əslində unun və çörəyin qiyməti 2 il öncə bahalaşmağa başlayıb. Hökumət bu bahalaşmanı təxirə salıb. Buğdanın qiymətinin aşağı düşməsi gözlənilmir. Bu artım davam edir. Qiymət artımının dayanması isə gələn ilin ortalarına gözlənilir. Artımın dayanması isə ucuzlaşma deyil. Buğdanın pandemiyadan öncəki qiymətinə qayıtması real deyil. Subsidiya daimi yox, müvəqqəti tədbirlər üçündür. Hökumət 1 il subsidiya verdikdən sonra qiymət artımının davam etdiyini gördü və qiymətlərin tənzimlənməsini bazarın ixtiyarına verdi. Çörək onsuz da bahalaşmışdı. Sadəcə 30-35 faizlik xərc dövlət büdcəsindən maliyyələşdirilirdi. Bu baxımdan qiymətlərin artması normaldır. Buğdanın qiymətində artım müşahidə edilsə, çörəyin qiymətində yeni bir bahalaşmanı da görə bilərik”.