Bakıda Zəfər abidəsi kompleksi ilə bağlı çoxmərtəbəli bina sökülür
    • 8-01-2022, 13:03
    • 366

Bakıda Zəfər abidəsi kompleksi ilə bağlı çoxmərtəbəli bina sökülür

Bakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina söküləcək.

News24.az xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətindən binanın söküləcəyini təsdiqləyiblər.

Bildirilib ki, bina Zəfər abidə kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür.

“Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib. Bina ərazinin ümumi görünüşünə də xələl gətirir”, - deyə RİH-dən bildirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 3-də Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Ötən il sentyabrın 27-də - Vətən müharibəsi şəhidlərinin Anım Günündə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva kompleksin və muzeyin təməlqoyma mərasimində iştirak ediblər. 

Layihəyə əsasən, kompleksin ərazisində torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə muzeyin yaradılması nəzərdə tutulur. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin azadlığı uğrunda mübarizə aparan əsgər və zabitlərin igidliyini, xalqın əzmini bir daha nümayiş etdirəcək. Kompleks parkla əhatə olunacaq. /Qafqazinfo.az/