AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olundu
    • 18-01-2022, 16:54
    • 424

AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olundu

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunan tədbir keçirilib.

News24.az xəbər verir ki, tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, səfirliyin və universitetin nümayəndələri, tələbələr iştirak edib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra hər iki qardaş ölkənin dövlət himnləri səsləndirilib.

“İdarəçi rəhbərlərlə tanışlıq” layihəsi çərçivəsində təşkil olunan görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan və Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb. Azərbaycan və Türkiyə münasibətlərinin qardaşlıq və həmrəylik nümunəsi olduğunu bildirən rektor bu birliyin möhkəm təməllər üzərində qurulduğunu diqqətə çatdırıb. Hazırda qardaş ölkələr arasında münasibətlər xalqımızın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarına uyğun inkişaf edir. Rektor qeyd edib ki, iki qardaş ölkə arasında əlaqələrin bugünkü səviyyədə inkişaf etməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri də mühüm rol oynayır. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi bu münasibətlərin daha bir nümunəsi idi.

Daha sonra Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı çıxış edib. Səfir qeyd edib ki, qardaş ölkələr arasında münasibətlərin dərin tarixi olduğu üçün, bunu 30 ilə sığışdırmaq olmaz. Diplomat bildirib ki, Türkiyə və Azərbaycanın sevinci də, kədəri də bir olub. İstər Çanaqqala döyüşündə, istərsə də 1918-ci ildə Bakının işğaldan azad olunmasında biz bu birliyin, qardaşlığın şahidi olmuşuq. 44 günlük Vətən müharibəsi zamanı da Türkiyə qardaş Azərbaycanın yanında idi. Cahit Bağçı qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanması qardaş ölkə münasibətlərinin zirvəsi oldu. Tarixi Qars müqaviləsindən 100 il sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığını, birliyini və həmrəyliyini təsdiq edən mühüm sənəddir. Səfir vurğulayıb ki, qardaş ölkələrin tarixi birliyi gələcək nəsillərə miras olaraq qalacaq. Tədbirdən sonra Cahit Bağçı tələbələrin və media nümayəndələrinin suallarını cavablandırıb.  

Qeyd edək ki, səfirin bu formatda görüşü ilk dəfə məhz AzTU-da təşkil olunub.