Ermənistandan qayıdan Azərbaycan nümayəndə heyətinin rəhbəri: “Yerevanda inkişaf yoxdur”
    • 30-11-2018, 11:11
    • 734

Ermənistandan qayıdan Azərbaycan nümayəndə heyətinin rəhbəri: “Yerevanda inkişaf yoxdur”

“Gördüyüm o idi ki, Ermənistanın paytaxtı Yerevanda inkişaf yoxdur. Mən Yerevanda 5-6 dəfə olmuşam, vəziyyət dəyişməyib. Şəhərdə otellər, idarə və təşkilatlar üçün ofislər tikilib, onların da bəziləri hazır deyil. Yəni xüsusi bir inkişaf yoxdur. Yaşayış səviyyələri də yüksək deyil. Hər şeyə diqqət edirdim, hətta geyimləri də müasir deyildi”.

Açıqlamasında bu haqda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Ermənistanın paytaxtı Yerevanda keçirilən 52-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev danışıb.
O, Azərbaycan nümayəndə heyətinin yüksək səviyyədə mühafizə olunduğunu qeyd edib: “Əl-üzümüzü yumağa gedəndə də, qapıda mühafizə dayandırdı. Otelimiz tam mühafizə olunurdu. Biz bunu başa düşürdük ki, belə olmalıdır. Ermənilərlə xüsusi təmasımız olmadı. İclas olan gün də axşam Məclisin üzvlərinə ziyafət verdilər. Biz Türkiyə nümayəndə heyəti ilə birlikdəydik, qayıdanda da onlarla qayıtdıq”.
Nümayəndə heyətinin rəhbəri yubiley medalından imtina etmələrinə də aydınlıq gətirib: “Yubiley medalından imtina edəcəyimizi öncədən demişdim. Hətta mənə dedilər ki, medal təşkilata məxsusdur, Ermənistana aidiyyatı yoxdur. Mən də dedim ki, bilirəm, amma istəmirəm ki, bu medalı erməni spikerdən alım. Niyə onun imzası olan medalı almalıyam? İclas başlamazdan öncə xahiş edildi ki, siyasiləşdirməyək. Fikrim var idi ki, iclasda deyim Ermənistan Azərbaycanın 20 faizi torpağını işğal edib, nəticədə ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkünü var, ona görə də medalı necə ala bilərəm? İclasda dedim ki, 4 dəfə Azərbaycan Milli Məclisinin deputatı seçilmişəm, təcrübəm var, amma beynəlxalq səviyyədə təcrübəm yoxdur deyə, bu medalı ala bilmərəm, yəni bu yüksək mükafatı almağa hazır deyiləm... Məndən öncə Gürcüstan nümayəndə heyətinin üzvü çıxışa başladı, o da medalı almaqdan imtina etdi. Belə əsaslandırdı ki, iclasda nümayəndə heyətinin rəhbəri iştirak etmir. Azərbaycan nümayəndə heyətindən sonra Türkiyə nümayəndə heyətinin rəhbəri Cəmil Öztürk çıxış etdi. Dedi ki, bu beynəlxalq təşkilatda təmsilçiliyi yenidir, ona görə medalı almaq istəmir. Ukrayna da medalı almaqdan imtina etdi. Faktiki 4 nümayəndə heyəti medalı almadı, onlar da həm təəccübləndilər, həm də şok vəziyyətinə düşdülər, bir-birlərinə baxırdılar. İclasda Ermənistan xarici işlər nazirinin müavini də iştirak edirdi. Ona görə də spiker medalı digər ölkələrin nümayəndə heyətlərinə təqdim etməyi təklif etdi, medal 8 nümayəndə heyətinə verildi. Onu deyim ki, plenar və komitə iclaslarında qarşıdurma olmadı”.
E.Quliyev səfər çərçivəsində şəhərə gəzintiyə çıxmadığını bildirib: “Biz səfərdə olduğumuz müddətdə şəhərə gəzintiyə çıxmadıq, çünki müəyyənləşdirilmiş proqram vardı. Proqramda qondarma “erməni soyqırımı” abidəsini ziyarət etmək, tarixi muzeylərə getmək nəzərdə tutulurdu. Biz oranı niyə ziyarət etməliyik ki? Onların tarixi var ki? Hamısı uydurulub... Yalnız nümayəndə heyətinin üzvü Əflatun Amaşov və təşkilatın Parlament Məclisinin Azərbaycandan olan baş katibi Asəf Hacıyev Yerevanda Göy Məscidə baş çəkiblər. Əslində, Amaşova dedim ki, məsləhət görmürəm. Orada məscidə erməni rəhbərlik edir. Təsəvvür edin, məscidin rəhbəri ermənidir...”.
Deputat xatırladıb ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinə sədrlik Azərbaycana keçib: “Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinə sədrlik edəcək. Bu, 6 ay davam edəcək”.

//Report