-
- Bu gün, 04:06
- 152
Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
Yəqin ki, elə bir ata və ya elə bir ana yoxdur ki, böyüyəndə uşağının boyunun uzun olmasını istəməsin. Bəlkə də, elə bu istəyin nəticəsidir ki, həm atalar, həm də analar uşaqlarını ya xüsusi qidalarla qidalanmağa (məsələn, süd kimi), ya da xüsusi idmanlarla məşğul olmağa (məsələn, basketbol kimi) istiqamətləndirirlər.
Elə isə bəs indidən uşağınızın boyunun böyüyəndə nə qədər olacağını necə müəyyən edə bilərsiniz?
Əslində, bunu müəyyən etmək üçün bir yox, bir neçə metod var. Ancaq biz bu yazımızda sizi bu metodlardan ancaq ikisi ilə tanış etmək istəyirik...
1-ci metod: Bu metoda görə atanın boyunun uzunluğu ilə ananın boyunun uzunluğunu (təbii ki, həm metr, həm də santimetr olmaq şərti ilə) toplayın. Sonra oğlan uşaqları üçün bu nəticəyə 13 santimetr əlavə edin, qız uşaqları üçün isə bu nəticədən 13 santimetr çıxın. Daha sonra isə alınan nəticəni ikiyə bölün.
2-ci metod: Bu metoda görə isə uşağınızın 2 yaşındakı boyunun uzunluğunu ölçün və aldığınız nəticəni ikiyə vurun (Yeri gəlmişkən deyək ki, əksər uşaqlar yetkinlik yaşına çatdıqdan sonra bu nəticələrin orta hesabla ya 5 santimetr yuxarısında, ya da 5 santimetr aşağısında olurlar).
Ancaq bütün bunlara baxmayaraq, uşağınızın boyunun genlər tərəfindən “istiqamətləndirildiyini” də unutmayın. Digər tərəfdən, bu məsələ ilə bağlı görə biləcəyiniz ən vacib iş uşağınızın müxtəlif yaş mərhələlərinə uyğun müxtəlif inkişaf mərhələlərini nəzarət altında saxlamaqdır. Çünki bəzi uşaqlar inkişaf mərhələlərini lazım olandan tez, bəzi uşaqlar isə inkişaf mərhələlərini lazım olandan gec keçirlər. Digər tərəfdən, əgər uşağınızın inkişafında bir problem olduğunu düşünürsünüzsə, onda bir mütəxəssisə müraciət edə bilərsiniz.//yeniavaz