Ofisdəki seyfi yarmaq istəyən şəxs saxlanıldı
    • 26-01-2022, 09:33
    • 291

Ofisdəki seyfi yarmaq istəyən şəxs saxlanıldı

Balakən Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən “Balacans Agro Food” MMC-nin ofisindən oğurluğa cəhd edilməsi ilə bağlı müraciət daxil olub. Bildirilib ki, qanunsuz olaraq ofisə daxil olan naməlum şəxs(lər) oradakı seyfi yarıb, içərisindəkiləri oğurlamaq istəyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, məlumat daxil olan kimi dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, hadisə yerində zəruri istintaq hərəkətləri icra edilib. Qısa zamanda “isti izlər”lə keçirilmiş tədbirlər nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Sarıbulaq kənd sakini Ramazan Abdullayev saxlanılıb.

Aparılmış ilkin araşdırmalar zamanı müəyyən edilib ki, R.Abdullayev gecə saat iki radələrində zavoda hasardan dırmaşaraq daxil olub və ilk öncə təmir-tikinti alətlərinin saxlanıldığı yerə gəlib. Seyfi yarmaq üçün özünə lazım olan alətləri götürdükdən sonra pəncərədən ofisin içərisinə daxil olub. Bir neçə dəfə seyfi sındırmağa cəhd göstərsə də, lakin o, niyyətini həyata keçirə bilməyib. Məqsədinə çatmadıqda isə qaçaraq oradan uzaqlaşıb və yaşadığı ünvana geri qayıdıb. R.Abdullayev ifadəsində ötən ilin avqust-noyabr aylarında həmin MMC-də işlədiyi üçün oranı yaxşı tanıdığını və seyfin yerini əvvəlcədən bildiyini qeyd edib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.