Fəxrəddin Manafov MÜRACİƏT ETDİ - VİDEO
    • 28-01-2022, 19:28
    • 1 356

Fəxrəddin Manafov MÜRACİƏT ETDİ - VİDEO

Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 1969-cu ildə istehsal etdiyi “Bir cənub şəhərində” bədii filmin bərpa olunmuş formatda nümayişi olub.

News24.az xəbər verir ki, filmin bərpası “Balans” Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən həyata keçirilib.

Xalq artisti Fəxrəddin Manafov çıxış edərək, filmin yenidən bərpasına rəhbərlik edən Vahid Mustafayevə minnətdarlıq edib: “Bu gün biz buraya filmə baxmaq üçün toplaşmışıq. Amma danışmasaq, əlbəttə ki, olmaz. Onun haqqında danışmaq mənim üçün şərəfdir. Kaş ki, bu gün bu səhnədə Eldar müəllimin yaşıdları olaydı. Təəssüf ki, dünya gəlimli-gedimli dünyadır. Nə yaxşı ki, bu gün Aydın Kazımzadə, Rasim Balayev, Oqtay müəllim var. Ən azından yaşıdları da olmasa, yaxınları olan, bərabər çalışdığı insanlar buradadır. Mən də qardaşım Vahidə təşəkkürümü bildirmək istəyirəm. Təşəkkür edirəm ki, belə bir böyük və vacib bir işlə məşğulsan. Sözsüz ki, ANS bu gün də yaddaşlardadır, sənin vəfalı heyətinə, təkrarolunmaz komandana təşəkkürümü bildirmək istəyirəm".   

Daha sonra xalq artisti Eldar Quliyevlə bağlı xatirələrini bölüşüb: "O dövlərdə Kinostudiyada bu gün tarix olan bir çox insanlar çalışırdı və onların arasında bir göygöz şahzadə də var idi. Eldar müəllimi illər öncə ilk dəfə canlı görəndə onun İtaliyadan və İsveçrədən gəldiyini düşünürdüm. Amma o, bizim idi, Azərbaycanın və azərbaycanlı idi. İlk dəfə məni "Nizami" filmində Məcnun roluna dəvət etməyindənmi danışım, sonra təsdiq etmədi. Və hər dəfə Kinostudiyanın dəhlizlərində Eldar müəllimin qarşısına çıxanda hər zaman təbəssüm olan simasında "Fəxrəddin, fikir eləmə, səninlə filmimiz hələ gələcəkdədir. Təəssüflər olsun çəkilmədim, amma məni çox istəyirdi. Dünyasını dəyişmədən bəlkə də iki həftə öncə Vahid qardaşımla Eldar müəllimi görməyə getdik. O, məni görəndə təqribən 20 saniyə təəccüb və sual dolu baxışlarla mənə baxdı. Ancaq bu mənim üçün uzun bir müddət oldu. Və sonra təbbəssümlə baxaraq "Fəxrəddin, səni görməyə çox şadam" dedi. Sonra çoxlu söhbətlər elədik. Onun yanında olmaq böyük bir enerji idi..." 


Fəxrəddin Manafov saytımıza açıqlamasında film bərpasının vacib iş olduğunu bildirib: “Saysız-hesabsız filmlərimiz var ki, bərpaya ehtiyacı var. Həmin filmlər bizim kino sahəmizin tarixidir. Bir filmi bərpa etmək üçün 1 gün, 1 həftə, 1 ay kifayət etmir. Bu prosesdə ən az 15-20 nəfər çalışır. Gecə-gündüz işləyirlər”. 

Xalq artisti bəzi qurumlardan Vahid Mustafayevə dəstək istəyib: “Vahid öz sərmayəsinə bu bərpanı edir. Ancaq çox istərdim ki, Mədəniyyət Nazirliyi və Kinematoqrafçılar İttifaqı da bu prosesdə iştirak edib, öz töhfələrini versinlər”.

Müxbir: Məhərrəm Əliyev
Foto: Teymur Məmmədov
Video: Nicat Niftəliyev