Qanunsuz ovlarla bağlı şikayətlərə DAHA SÜRƏTLİ reaksiya veriləcək: MEMORANDUM İMZALANDI – FOTO/VİDEO
    • 2-02-2022, 16:54
    • 1 299

Qanunsuz ovlarla bağlı şikayətlərə DAHA SÜRƏTLİ reaksiya veriləcək: MEMORANDUM İMZALANDI – FOTO/VİDEO

Fevralın 2-də Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyası ilə Bioloji Müxtəlifliyin Qorunması Xidməti arasında ekoturizm, ov turizmi, ovçuluq fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

News24.az xəbər verir ki, Memorandumu Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov və Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev imzalayıblar.


Memorandumun məqsədi ovçuluq ərazilərində monitorinqlərin aparılması, ov sahələrinin real imkanlarının qiymətləndirilməsi, ovçularla işin təşkili və ictimai əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, yerli və əcnəbi vətəndaşlar üçün ov təşkil edən şirkətlərin potensialının birgə dəyərləndirilməsidir.

Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov bildirib ki, Azərbaycanın ovçuluq təsərrüfatlarında vəhşi heyvanların, quşların sərbəst və yarımsərbəst yolla artırılmasının həyata keçirilməsi, bu yolla növlərin təbiətdəki təbii populyasiyasına təsirlərin minimuma endirilməsi, "məsuliyyətli ovçu" anlayışının təbliği, eyni zamanda, yerli və əcnəbi ovçuların maarifləndirilməsi, ov qaydalarına riayət edilməsi üçün ictimai əməkdaşlığa nail olunması məqsədilə 2022-ci ildən ölkədə Təbiət və Ov Turizmi Assosiasiyası fəaliyyətə başlayıb.


Assosiasiyanın fəaliyyətinin əsas hədəfi Azərbaycanda "məsuliyyətli ovçuluğu" geniş anlamda təşviq etməklə, qanunvericiliyə riayət olunmasına, biomüxtəlifliyin qorunmasına və bu sahədə sabit, davamlı istifadənin təmin edilməsinə töhfə verməkdir.

R.Zamanovun sözlərinə görə, Memorandum sərbəst və yarım sərbəst şəraitdə ov obyekti olan heyvan növlərinin artırılması işinin aparılmasını, ov fəaliyyətinin rentabelliyinin artırılması ilə bağlı effektiv plan və proqramların hazırlanmasını, ovçuların fərdi məsuliyyətinin qiymətləndirilməsini, maarifləndirmə və davamlı informasiya təminatını, ictimai nəzarət mexanizminin yaradılmasını və bu sahədə sınaqdan keçmiş beynəlxalq layihələrin icrasının həyata keçirilməsini nəzərdə tutur.


Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev qeyd edib ki, Memorandum ovçuluq sahəsində görülən işlərə ictimaiyyətin daha yaxından iştirakını təmin edəcək. İki qurum arasında əməkdaşlıq məsuliyyətli ovun cəmiyyətə aşılanmasına töhfə verəcək.

Reportajı təqdim edirik:

Məhərrəm Əliyev
Foto/Video: Nicat Niftəliyev