"Omikron" ştammına yoluxan şəxslərdə ANTİTEL YARANMIR? - Təyyar Eyvazov AÇIQLADI
    • 10-02-2022, 18:37
    • 1 234

"Omikron" ştammına yoluxan şəxslərdə ANTİTEL YARANMIR? - Təyyar Eyvazov AÇIQLADI

Son günlər müşahidələrimizə əsasən, cəmiyyətdə belə bir fikir yaranıb ki, koronavirusun əvvəlki ştamlarından fərqli olaraq "Omikron" ştamına yoluxan şəxslərdə yenidən antitel yaranmır. Buna görə də "Omikron" ştamına yenidən yoluxma əvvəlkilərdən fərqli olaraq daha tez müddətdə baş verir.

Məsələni aydınlaşdırmaq üçün Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazovla əlaqə saxladıq.

O, News24.az-a açıqlamasında bildirib ki, bu fikir tamamilə yanlışdır: "Hər bir patogenə yoluxmadan sonra immunitet formalaşır. Bunun da əsas komponentləri hüceyrə və humoral immunitet, yəni anticisimciklərin əmələ gəlməsidir. Yalnız dərin immundefisit hallarında anticisimlər sintez olunmaya bilər. Koronavirus infeksiyasınıın istənilən ştamlarını keçirmiş insanlarda həmin ştama daha spesifik olan anticisimlər formalaşır. Bu virusneytrallaşdırıcı anticisimlər törədicinin bir sıra zülallarına qarşı olur".

Ekspert əlavə edib ki, koronavirusun insanın hüceyrələrinə daxil olması onun xarici qişasında olan tacabənzər çıxıntılar - yəni S-zülalı hesabına olur: "Həmin zülalda çoxsaylı mutasiyalar baş verdikdə, bu zülalı əvvəllər xəstəliyi keçirmək və ya klassik ştama qarşı hazırlanmış vaksinlərin istifadəsi nəticəsində əmələ gələn anticisimlər qismən tanıyır. Virus yükü yüksək olduqda və ya anticisimlərin səviyyəsi aşağı olduqda, yaxud da zaman ərzində azaldıqda virusun mövcud immun cisimciklərdən yayınmasına şərait yaranır. Beləliklə, təkrar yoluxma və xəstələnmə hallarına rast gəlinir. S-giriş zülalında mutasiyaların sayı nə qədər çoxdursa, virusa təkrar yoluxma ehtimalı bir o qədər böyükdür.

Beləliklə, deyə bilərik ki, hazırda mövcud variantlar içərisində "Omikron" ştamında digərləri ilə müqayisədə S-zülalda mutasiyaların sayı daha çoxdur. Bunun nəticəsi olaraq əvvəllər koronavirusun digər ştammlarına yoluxaraq sağalmış, o cümlədən tam peyvənd olunmuş şəxslərdə xəstələnmə hallarına əvvəlki ştamlarla müqayisədə daha çox rast gəlirik. Yoluxmanın baş verməməsi üçün neytrallaşdırıcı anticimlərin səviyyəsini daha da qaldırmaq tələb olunur. Bu da məhz vaksinin buster dozasının vurulması nəticəsində əldə olunur".