Məktəblər bağlanmalıdır? – Söz ekspertlərdə...
    • 11-02-2022, 15:09
    • 1 112

Məktəblər bağlanmalıdır? – Söz ekspertlərdə...

Azərbaycanda son günlər koronavirus (COVID-19) infeksiyasına yoluxma faktında kəskin artım müşahidə edilir. Dünənin statistikasına nəzər salsaq, bu rəqəmin 8 minə yaxınlaşdığını görürük (7 632). Mövcud yoluxma sayı valideynləri narahat edən əsas məsələlərdən biridir. Artıq valideynlər iki qismə bölünüb. Bəziləri ölkə səviyyəsində distant təhsilə keçidin labüdlüyünü vurğulasalar da digər qism lokal qapanmaların tərəfdarıdır. 

News24.az məsələnin aktuallığını nəzərə alıb, ekspertlərin fikirlərini öyrənib.

Təhsil üzrə ekspert Nadir İsrafilov qeyd edib ki, hazırkı məqamda ölkə miqyasında distant təhsilin tərəfdarı deyil: “Mart ayından etibarən buraxılış imtahanları başlayır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) də məsələyə münasibət bildirib ki, kəskin ölüm faktları yoxdur. ÜST həmçinin məktəblərin ölkə səviyyəsində distant təhsilə keçməsinin tərəfdarı olmadığını deyib. Yoluxmanı sırf məktəblərlə əlaqələndirmək tamamilə yanlış fikirdir. İri marketlər, ticarət mərkəzləri, nəqliyyat vasitələri, kütləvi toplaşma məkanları fəaliyyət göstərdiyi halda məktəbləri niyə bağlamalıyıq? Buna əsas yoxdur axı. Prosesə lokal yanaşma ilə davam etməliyik. Harada vəziyyət gərginləşsə, orada distant təhsilə keçməliyik. Vəziyyət normallaşandan sonra əyani formaya qayıtmaq olar. 


Məsələnin digər tərəfi odur ki, biz prosesin nə vaxta qədər uzanacağını bilmirik. Bundan sonra hansı ştamların gələcəyindən xəbərsizik. Demək olar ki, hər ay yeni ştam çıxır. Biz hər dəfə məktəbləri ümumi planda distant təhsilə necə keçirək? Məktəblər yalnız vəziyyətin çıxılmaz olduğu halda bağlana bilər. Hələ ki, atılan müvafiq addımlarla prosesi nizamlamaq olur”. 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, təhsil də, sağlamlıq da çox vacibdir, ancaq birini digərinə qurban vermək lazımdırsa, təhsili seçməliyik: “Ümumi qapanma absurd addımdır. Burada bilik yox, müdriklik lazımdır. Yoluxma olan məktəblərin və ya siniflərin distant təhsilə keçməsi daha effektli addım olar. Bunun praktiki nəticəsini də görmüşük. Bu məsələdə mütəxəssislərin fikirlərini nəzərə almalıyıq”. 


Təhsil eksperti Kamran Əsədovu narahat edən əsas məqam isə qış tətilinin verilməməsidir: “Rəqəmlər heç də ürəkaçan deyil. Təbii ki, bu, bizi narahat edir. Yoluxan şəxslər arasında müəllimlər və şagirdlər var. Ancaq məsələnin çıxış yolu təhsil müəssisələrinin qapadılmasında deyil. Şagird və ya müəllimlərin virusa yoluxmasının səbəbi fiziki yorğunluqdan qaynaqlanır. Müəllimlər və şagirdlər 2021-ci ilin 22 sentyabrdından bu günə qədər fasiləsiz olaraq dərslərdə iştirak edirlər. Belə olan halda təbii ki, yorulublar. Təhsil Nazirliyi qış tətilini ləğv etdi. Distant təhsilə keçsək belə yenə insanlar fiziki olaraq yorulacaq. Məsələnin çıxış yolu tədrisdə iştirak edən hər kəsin tətilə çıxmasıdır. Azərbaycanda 11 milyondan çox insan vaksin vurdurub. Bu rəqəm onu deməyə əsas verir ki, vaksinlə bağlı bizdə ciddi problem yoxdur. Sadəcə yorğunluq var. Distant təhsilin tərəfdarı deyiləm”.

Təhsil eksperti Qoşqar Məhərrəmov da digər həmkarları ilə eyni fikirdədir: “Məktəbləri, sinifləri bütün ölkə miqyasında bağlamağa ehtiyac yoxdur. Bağlamaq deyəndə təbii ki, distant təhsilə keçidi nəzərdə tuturuq. Hansı sinifdə, məktəbdə yoluxma varsa, oranı distant təhsil formasında keçirmək lazımdır. Çünki vəziyyət ürəkaçan deyil. Hazırda çox sayda müəllimlər dərsə gəlmir, digər müəllimlər onları əvəz edirlər. Siniflər bəzən boş qalır. Koronavirusa yoluxan müəllimləri əvəz edənlər iş yükünün çoxluğundan xəstələnirlər.


Ölkə miqyasında addım atmağı doğru hesab etmirəm. Çünki yüzlərlə, minlərlə məktəb var ki, orada şagird və müəllim sayı çox deyil və yoluxuculuq ehtimalı azdır. Kəndlərdə elə məktəblər mövcuddur ki, internet, kompüter təminatı çox aşağıdır. O məktəbləri ölkədəki ümumi qərarlara əsasən bağlamaq doğru deyil. Çünki şagirdlər dərslərdən çox geri qalırlar. Ancaq böyük şəhərlərdə, yoluxmanın çox olduğu məktəblərdə əyani təhsildən distant formaya keçmək effektli ola bilər”.