Vətən müharibəsi qazisi ehtiyatsızlıqdan adam öldürdü - Yeniləndi
    • 15-02-2022, 12:47
    • 745

Vətən müharibəsi qazisi ehtiyatsızlıqdan adam öldürdü - Yeniləndi

Fevralın 13-də Bakının Binəqədi rayonunda gənclər arasında baş verən mübahisə ölümlə nəticələnib.

News24.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Yəhya Quliyev aralarında mübahisə zamanı 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadova xəsarət yetirib.  Eynulla İbadov xəstəxanaya aparılarkən yolda ölüb.

Yəhya Quliyevin qohumu Elvin Sultanov hadisə ilə bağlı İctimai TV-yə danışıb: "Yəhya qapıdan çıxıb görüb yolda maşın dayanıb, soruşub kimə gəlmisiz, görüb ki, bunlar özlərində deyillər. Deyiblər maşınımız xarab olub, yolda qalmışıq. Yəhya onlara kömək etmək istəyib. Qarşı tərəf isə etiraz edib. O da deyib mənim evimin qabağıdır, səs-küy var. Əlbəyaxa dava olub. Yəhya kiminsə başına daş vurmayıb, bıçaqla və ya güllə ilə vurmayıb. Sadəcə bir yumruq vurub".

Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən Müharibəsi iştirakçısı olub. 23 yaşlı Yəhya “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

*** 14.02.2022 / 13:41
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə fevralın 13-də saat 2 radələrində Biləcəri qəsəbəsi ərazisində Sabirabad rayon sakini 30 yaşlı Eynulla İbadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirilməsi və xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olmuş məlumatla əlaqədar müvafiq tədbirlər həyata keçirilib. 

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, istintaq-əməliyyat tədbirləri nəticəsində bu əməlin münaqişə zəminində Biləcəri qəsəbə sakini Y.Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.  

News24.az-a daxil olan məlumata görə, Yəhya Quliyev 44 günlük Vətən Müharibəsinin qazisidir. O, Azərbaycan Respublikası Prezidentinin "Qurbadlının azad olunmasına görə" medalıyla təltif olunub.