Əliabbas Salahzadə:
    • 14-02-2022, 14:22
    • 721

Əliabbas Salahzadə: "Elm ocağını intriqa məkanına çevirən akаdemikin istefası qaçılmazdır"

Milli Məclisin deputatı Əliabbas Salahzadə hər bir ölkənin inkişafında elmin rolunu önə çəkərək bildirib ki, Azərbaycan yerləşdiyi coğrafi məkan və  malik olduğu təbii resurslarla yanaşı, elmi potensialı ilə daim dünyada tanınıb, nüfuz qazanıb. Azərbaycan alimləri dünya elminin inkişafına böyük töhfələr verib: "Müstəqilliyinin bərpasının 30 ilini arxada qoyan  Azərbaycanın  tarixi paralellər fonunda ayrı-ayrı mərhələlərdə qazandığı uğurları, keçdiyi yolu təhlil etsək  bu fikri böyük inamla qeyd edə bilərik ki, ölkəmiz 1993-cü  ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli  tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə inkişaf, tərəqqi dövrünü yaşayıb. Müstəqilliyimizin ilk illərində digər sahələr kimi, Azərbaycan elmi də  özünün ağır günlərini yaşayırdı. Hətta elmin məbədgahı olan  Azərbaycan Milli Elmlər Akademiyasının bağlanması barədə fkirlər səslənirdi. Amma ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun ilk görüşünün Azərbaycan ziyalıları ilə olması, onların qarşısında  mühüm vəzifələr qoyması, ən əsası Milli Elmlər Akademiyasının əvəlki şöhrətinin özünə qaytarılması üçün biri-birindən əhəmiyyətli addımların atılması, maddi-texniki bazasının möhkəmləndirilməsinə yönələn Fərman və sərəncamları elmi ictimaiyyəti daha da ruhlandırdı,  elmi araşdırmalarının miqyasını genişləndirmələrinə  stimul verdi".

Millət vəkili qeyd edib ki, 2003-cü ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan elminin inkişafında da özünü qabarıq şəkildə büruzə verir: «Belə ki, dövlət başçısı İlham Əliyev  təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılması  ideyasını  gündəmə gətirdi, "Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərək  Azərbaycan gənclərinin öz potensial imkanlarını ortaya qoymaq üçün geniş imkanlar açdı".

Əliabbas Salahzadə diqqəti son zamanlar  Azərbaycanın elm mədədgahı olan Azərbaycan Milli Elmlər Akademiyasında «islahatlar» adı altında elmin inkişafına böyük maneələr yaradan addımlara yönəldərək bildirib ki, son illərdə akademik Ramiz Mehdiyevin   bu ali elm ocağına rəhbər təyin edilməsindən sonra burada inkişaf deyil, intriqalar daha geniş vüsət alıb: "AMEA-da  gənc kadrların sıxışdırılması, onların səbəbsiz yerə  işdən uzaqlaşdırılması  təbii ki, həyəcan təbilinin çalınmasına rəvac verməyə bilməz. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin  bütün sferalarda irəli çəkilməsi, onların potensialından  ölkənin gələcək inkişafı üçün səmərəli istifadə edilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu gün  AMEA-da  gənc kadrlar sıxışdırılırsa, rəhbərlik bunu müxtəlif adlar altında  ört-basdır etməyə çalışırsa, ən əsası yaşananlardan çıxış yolu   elmi ictimaiyyətin, millət vəkillərinin təhqir olunmasında görülürsə, bu artıq ziyalılıqdan uzaqdır. Ziyalı xalqın nur çırağıdır. Ən çətin məqamlarda xalqın önundə getməli, düzgün yol göstərməlidir. Əgər bu gün  bir ali elm ocağının rəhbəri  vəziyyəti düzgün təhlil edib çıxış yolu axtarmaq barədə düşünmürsə,  AMEA-nın yaratdığı imkanlardan elmin inkişafına  deyil, özünün  şəxsi tribunası kimi istifadə edərək  onun-bunun ünvanına təhqiredici  fikirlər səsləndirirsə, artıq  onun istefası barədə çağırışlara özünün rəvac verdiyi inkardedilməzdir".

"Millət vəkili xalqın parlamentdə təmsilçisidir" söyləyən Əliabbas Salahzadə qeyd edib ki,  millət vəkilini təhqir etmək xalqı təhqir etmək  deməkdir: "Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında bu amil önə çəkilir ki, gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında bir vəhdət yaradılmalıdır.  Vəhdət. Burada gənc kadrların sıxışdırılmasından söhbət getmir. Azərbaycanın gənc alimlərə  böyük ehtiyacı var. Bu alimlər  yaşlı nəslin dəstəyi ilə  öz elmi araşdırmalarını  aparmaq, ölkənin gələcək inkişafına öz töhfələrini vermək imkanındadırlar. Yeni texnologiyaların  sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq.  Elmin məbədgahı  olan AMEA  bu prosesə öz dəstəyini verməlidir.   Elm ocağını intriqa məkanına çevirməklə elmin inkişafından danışmaq qeyri-mümkündür. Verilən  şərhlərə, yayılan açıqlamalara diqqət yetirsək, akademikin  hər addımına haqq qazandırmaq istəklərini görərik".

Millət vəkili bu xatırlatmanı da edib ki, ölkədə geniş vüsət alan  islahatlar prosesinin  parlamentdən də yan keçməməsi üçün 2020-ci il fevralın 9-da ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi: "Dövlət başçısı İlham Əliyev Milli Məclisin ilk islasında deputatların  qarşısında bir sıra həllivacib məsələlər qoyub ki, bu gün  xalqın parlamentdə təmsilçiləri olan  deputatlarımız o vəzifələrin icrası, Azərbaycanın hərtərəfli inkişafına xidmət edən qanunların qəbulu istiqamətində mühüm addımlar atır. Millət vəkilini təhqir etməklə xalqın nəzərində  etimadı tamamilə itirmək ziyalı adına yaraşmaz. Azərbaycanı gələcəyə aparan elmin inkişafına əngəl törətmək yox, dəstək olmaq lazımdır. Akademik  bu barədə düşünsə, daha yaxşı olar".