“Qətiyyən sərxoş olmayıb" - Deputatdan Tahir Kərimlinin videosu ilə bağlı AÇIQLAMA
    • 17-02-2022, 14:06
    • 680

“Qətiyyən sərxoş olmayıb" - Deputatdan Tahir Kərimlinin videosu ilə bağlı AÇIQLAMA

Millət vəkili Tahir Kərimli oyuncaq əjdaha ilə video çəkib. Tahir Kərimli onu ölümlə hədələyən şəxslərə səslənib. “Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən” – deyə, o bildirib. Deputat daha sonra əlindəki oyuncağı kənara qoyaraq sözlərini davam etdirib: “Mən təkcə 10 milyon deyiləm, qüdrətli dövlətlər qurmuş və gələcəkdə də qüdrətli dövlətlər quracaq 50 milyondan böyük bir millətin nümayəndəsiyəm”.

News24.az xəbər verir ki, Tahir Kərimlinin çıxışı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Məlum görüntülərin fonunda insanlar iki qismə bölünüb: Millət vəkilinin içkili olduğunu düşünüb, onu ələ salanlar və cəmiyyətə ciddi mesajlar verdiyini iddia edənlər.

Millət vəkili Elman Nəsirov həmkarının çəkdiyi video ilə bağlı düşüncələrini saytımıza bölüşüb: “Səhər Tahir Kərimlinin videoformatda olan müraciətini gördükdən sonra dərhal onunla əlaqə saxlamağa çalışdım ki, niyə belə bir çıxış edib? Ancaq telefonu bağlıdır və hələ də açmayıb. Bu məsələ ilə bağlı onu anladım ki, kimsə və ya kimlərsə onu təhdid edir. Ancaq o, ünvanı və ya kimlərin onu təhdid etdiyini demədi. İstənilən halda fikrimcə, Tahir Kərimli hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Bu məsələlər araşdırılmalıdır. 

Ümumiyyətlə, Tahir müəllim dövlətini sevən insandır. Ancaq həddən artıq çox emosionaldır. Parlamentdəki söhbətlərimiz zamanı ona demişəm ki, “Tahir müəllim, siz çox yaxşı insansınız, amma inciməyin, həqiqəti demək istəyirəm, çox emosinalsınız və siyasətçi belə emosional olmamalıdır”. Özünə demişəm ki, sizin böyüklüyünüz səbrinizlə ifadə olunmalıdır. Emosinonal vəziyyətdə insan nitqində səhvlərə yol verə bilir və sonradan peşman olur”. 

O, Tahir Kərimlinin sərxoş olma ehtimalına belə münasibət bildirib: “Məncə, qətiyyən sərxoş deyil. Çünki dəfələrlə onun belə emosional çıxışları olub. Hətta ona demişəm ki, Tahir müəllim, siz partiya rəhbəri və ya siyasətçi olmasaydınız, bəlkə də bu xarakteriniz məqbul sayıla bilərdi. Bəzən elə məsələlər olur ki, onun üzərindən sükutla keçmək lazımdır. Onun bu xarakterindən əleyhdarları istifadə edib, təxribatçı mövqe ortaya qoya bilərlər”. 

Xatırladaq ki, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev millət vəkili Tahir Kərimli tərəfindən daxili işlər orqanlarına şikayət xarakterli müraciət daxil olmadığını bildirib.