“Azərsu” əməkdaşlarına təzyiq olundu - Video
    • 18-02-2022, 15:15
    • 494

“Azərsu” əməkdaşlarına təzyiq olundu - Video

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən abonentlərin ödənişə cəlb edilməsi məqsədilə aparılan maarifləndirmə və təbliğat işləri zamanı Abşeron Sukanal İdarəsinin əməkdaşları təzyiqə məruz qalıb.

News24.az
xəbər verir ki, Masazır qəsəbəsi Qurtuluş yaşayış massivi ev 6 b mənzil 10 ünvanında olan abonentin içməli su təchizatı xidmətlərindən istifadəyə görə 170 manat borcu yaranıb. Yığılmış borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, abonent borcu ödəməkdən imtina edib. “Sudan İstifadə Qaydaları”nın tələblərinə əsasən su təchizatının dayandırılması ilə əlaqədar iş əmri yaradılıb.

“Abşeron Sukanal” İdarəsinin əməkdaşları həmin ünvana yaxınlaşaraq borc ödənilmədiyi üçün su təchizatının dayandırılacağını bildiriblər. Bu zaman həmin mənzildə yaşayan Ələkbər Ələkbərov adlı şəxs Abşeron Sukanal İdarəsinin əməkdaşı Vəfadar Güliyevin üstünə hücum çəkərək ona bıçaqla xəsarət yetirib.

“Azərsu” ASC-nin digər əməkdaşına qarşı fiziki təzyiq Abşeron rayonu Nübar qəsəbə sakini Müzəffər Mahmudov tərəfindən törədilib. 210 manat borc olan abonentə dəfələrlə xəbərdarlıq edilsə də o, buna məhəl qoymayıb ödənişdən imtina edib. Növbəti dəfə Abşeron Sukanal İdarəsinin əməkdaşları yenidən həmin ünvanda olub. İdarənin əməkdaşı Elbrus Allahverdiyev abonentin borcunun ödənilməsinin vacibliyini bildirdikdə abonent Müzəffər Mahmudovun qəfil zərbəsinə tuş gəlib. Baş nahiyəsindən zərbə alan E.Allahverdiyevin dişi sınaraq ciddi xəsarət alıb.

Baş vermiş hadisələr nəticəsində zərərçəkənlərə tibbi yardım göstərilib və tibbi ekspertizaya göndərilib. Hər iki faktın araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinə müraciət olunub.