Azərbaycanda vəzifəli şəxsin atası dava saldı – Kəllə ilə zərbə endirdi
    • 22-02-2022, 13:19
    • 1 113

Azərbaycanda vəzifəli şəxsin atası dava saldı – Kəllə ilə zərbə endirdi

Ötən ilin dekabr ayının 27-də İmişli rayon Məhkəməsində baş vermiş dava-dalaşla bağlı cinayət işi açılıb.

News24.az xəbər verir ki, İmişli rayon, Aranlı kənd sakini, 1957-ci il təvəllüdlü Bayraməli Yadigarov onun barəsində mətbuata açıqlamalar vermiş və qanunsuz fəaliyyətlərlə bağlı ittihamlar səsləndirmiş həmkəndlisi Əliyev Mehman Qədir oğluna başı ilə zərbə endirib. 

Belə ki, B.Yadigarovun xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasında həmin gün İmişli rayon Məhkəməsində iclas keçirilib. İclasdan sonra B.Yadigarov M.Əliyevin ona və oğluna şər atdığını bildirərək ikinciyə hücum edib. Nəticədə M.Əliyev ağız nahiyəsindən xəsarət alıb. B.Yadigarov barəsində törətdiyi əmələ görə xuliqanlıq maddəsi ilə iş açılıb.

Bir neçə gün əvvəl döyülmə faktı ilə bağlı İmişli rayon Məhkəməsində keçirilən proses başa çatıb. Ona böhtan atdığını dediyi şəxsi vuran B.Yadigarov Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib və qazancından 15 (on beş ) faiz dövlət nəfinə tutulmaqla 1 ( bir) il müddətə islah işləri cəzasına мəhkum edilib.

Qeyd edək ki, B.Yadigarovun oğlu vəzifəli şəxsdir. Bir müddət əvvəl Mehman Əliyev ata və onun DSMF-də şöbə müdiri işləyən oğlunun qanunsuz əlillik sənədləri verdiyini deyib. O, mətbuata açıqlamasında qeyd edib: “Həmkəndlim Yadigarov Bayraməli İxtiyar oğlu "maklerlik" edir. Belə ki, o tanıdığı, bildiyi adamlardan pul alıb, onlara pensiya düzəldir. Bundan əlavə, Yadigarov Bayraməli özü heç bir xəstəliyi olmadığı halda, birinci qrup əlilliyə görə pensiya alır. Həmçinin, həyat yoldaşı Nigar, iki qızı - Aytəkin və Tünzalə, 4 nəvəsi - Zəhra, Məhəmməd, Amil və Elton hazırda saxta yollarla pensiya alaraq, dövlət büdcəsinə ziyan vururlar.

Yadigarov Bayraməlinin bu cür saxta əməllərlə məşğul olmasında ən böyük yardımçısı, daha doğrusu işlərin başında duran isə oğlu Yadigarov Turaldır. Yadigarov Tural Bayraməli oğlu İmişli regional Dövlət Sosial Müdafiə Fondunda (DSMF) şöbə müdiri vəzifəsində çalışır”.