Bakıda ŞOK HADİSƏ – Təyyarəyə minməyə bir neçə saat qalmış arvadını doğradı
    • 22-02-2022, 13:26
    • 1 846

Bakıda ŞOK HADİSƏ – Təyyarəyə minməyə bir neçə saat qalmış arvadını doğradı

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Xaliq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və məhkəmənin qərarı ilə X.Hüseynov Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi ilə təqsirli bilinərək 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisəyə gəlincə, qanlı cinayət ötən il sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində baş verib.

Belə ki, Heydər Məscidinin qarşısındakı parkda 1986-cı il təvəllüdlü Xaliq Hüseynov həyat yoldaşı Təhminəni öldürmək üçün onu boğub. Lakin qadının ayıldığını görən şəxs özü ilə gətirdiyi bıçaqla ona zərbələr endirib. Təhminənin yerdə hərəkətsiz vəziyyətdə qaldığını görən Xaliq onun öldüyünü düşünüb və daha zərbə endirməyərək yaxınlıqdakı Heydər Məscidini mühafizə edən polis naryadına yaxınlaşıb. O, polisə arvadını öldürdüyünü deyərək təslim olub. Dərhal polislər hadisə yerinə gələrək Təhminənin hələ sağ olduğunu müəyyən ediblər və o, xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.

Məhkəmədə ifadə verən Xaliq Hüseynov bildirib ki, hadisədən bir neçə saat sonra həyat yoldaşı və övladları ilə birgə daimi yaşamaq üçün Rusiyaya qayınatasının yanına uçmalı idi. Bu məqsədlə onlar əvvəlcədən bilet alıblar və 12 sentyabrda xəstəxanada COVID testi veriblər və nəticələri neqativ çıxıb. Uçuş 13 sentyabr saat 03 radələrində baş tutmalı imiş. Lakin Təhminənin Xaliqin onlarla birgə Rusiyaya gəlməsinə etiraz etməsi onda şübhələr yaradıb. O, həyat yoldaşının onun nə səbəbə onlarla birgə getməsinə etiraz etməsini öyrənmək məqsədilə məscidin qarşısındakı parka getməyi təklif edib. Bıçaqlanma da orada baş verən mübahisə zamanı baş verib.

Məhkəmədə o da bildirilib ki, X.Hüseynov daha əvvəl oğurluq əməlinə görə məhkumluq həyatı yaşayıb. 

Məhkəmədə Təhminə Hüseynova ərini bağışladığını və onunla barışdığını bildirib.