Bakının mərkəzində əməliyyat – Çoxmərtəbəli binada əxlaqsızlıq yuvaları aşkarlandı
    • 3-03-2022, 12:05
    • 3 933

Bakının mərkəzində əməliyyat – Çoxmərtəbəli binada əxlaqsızlıq yuvaları aşkarlandı

Bakıda çoxmərtəbəli binada bir neçə mənzili kirayə götürərək əxlaqsızlıq yuvasına çevirən, həmin mənzillərdə müxtəlif şəxsləri cinsi əlaqədə olmasını təşkil edərək pul qazanan 1984-cü il təvəllüdlü Yeganə Ziyadxanova məhkəmə qarşısına çıxarılıb.

News24.az-ın məlumatına görə, Nəsimi rayon Məhkəməsində Cinayət Məcəlləsinin 244.2.1-ci (əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirləndirilən qadının metronun 20 Yanvar stansiyası yaxınlığında yerləşən çoxmərtəbəli binada bir neçə mənzil kirayə götürərək həmin evləri əxlaqsızlıq yuvası kimi istifadə etməsi məlum olub. Belə ki, Yeganə instaqramda “saatlıq evlər” adlı səhifə yaradaraq cinsi əlaqədə olmaq üçün ev axtaran şəxsləri özünə cəlb edib və saatı 25-30 manata evlər təşkil edib. 2020-ci ilin noyabrında polis əməkdaşları oraya gələrək əməliyyat keçirib. Əməliyyat zamanı Yeganənin işçisi kimi evdə təmizlik işləri görən qadın mənzili tərk edərkən tutulub. Daha sonra otaqlara baxış keçirilərkən orada kişi ilə qadın aşkarlanıb.

Məhkəmədə təqsirləndirilən 38 yaşlı qadın bildirib ki, yetkinlik yaşına çatmayan və 19 yaşında 2 övladı var. İşsizlik səbəbindən belə bir əməl törədib və çox peşmandır.

Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə fevralın 24-də hökm oxunub. Hökmə əsasən Y.Ziyadxanova 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalındaca həbs edilib.